İnnovasiya lideri “Bakcell” Azərbaycandakı
Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən
“İnnovasiyalar və süni intellekt” adlı konfransın əsas tərəfdaşı olub.
Konfransda dövlət qurumları, beynəlxalq təşkilatları,
yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi
Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt və innovasiyaların tətbiqlərini
müzakirə etmək, dövlət və özəl qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək
olub.
“Azərbaycanın süni intellekt hekayəsi –
innovasiyaya rəhbərlik edən yerli təşəbbüskarlar” adlı panel müzakirəsində
“Bakcell”in baş icraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin Azərbaycanda
telekommunikasiya sahəsində innovasiya və süni intellekt üzrə həyata keçirdiyi
yerli və beynəlxalq layihələrdən, eləcə də, “Bakcell”in məhsul və xidmətlərində
ən son texnoloji həllərin tətbiq imkanlarından danışıb.
Bundan əlavə, Klaus Müller “İnnovasiya və süni
intellektin Azərbaycanın rəqəmsal inkişafına təsiri” adlı dialoq formatında
interaktiv fikir mübadiləsində iştirak edib.
“İnnovasiya və süni intellekt “Bakcell”in
strateji inkişafının əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarası
əməkdaşlıq fəaliyyəti və davamlı təşəbbüslər milli innovasiya və texnologiya
ekosisteminin gücləndirilməsi üçün vacibdir”,- deyə o vurğulayıb.
“Bakcell” innovasiyalar və süni intellektin tətbiqini
strateji prioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanın
innovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən
böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə
iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan
"Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə
telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət
göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə
daxildir.