Qaradağ Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Sahil qəsəbəsində yerləşən Elxan İsmayılov adına 253 saylı tam orta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Qaradağ Rayon Polis İdarəsi rəisi polis polkovniki Fizuli Əhmədov yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkotik vasitələrin mənfi təsirləri barədə məlumatlandırmaq məqsədilə ölkə üzrə bütün təhsil müəssisələrində keçirilən bu tədbirlərin mahiyyətindən danışıb.
O, narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər, onun yaratdığı təhlükələr barədə geniş məlumat verib, narkotik aludəçiliyinin sağalmaz yaralar açdığını, bu bəlaya qurşananların fiziki və mənəvi olaraq özünü məhv etdiyini bildirib.
“Ağ ölüm” kimi tanınan zərərli maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətli mübarizə tədbirləri aparıldığını qeyd edən polis polkovniki F.Əhmədov narkomanlığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini də diqqətə çatdırıb.
Sonda şagirdlərə sağlam təməlləri olan gələcək qurmaları, zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edilib.