Oktyabrın 10-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın Türkiyənin İğdır şəhərində 75 illik yubileyi ilə bağlı konfrans keçirilib. Rektor İğdır Universitetində "Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfransda fəxri qonaq kimi iştirak edib.
Manset.az xəbər verir ki, konfransda Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır vilayətinin valisi Ercan Turan, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İğdır Universitetinin rektoru Ekrem Gürel iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən vali Ercan Turan “Dədə Qorqud” dastanını oğuz türklərinin “mədəni kodu” adlandırıb. “İğdır adı elə oğuz tayfalarından birinin adından yaranıb. Dastandakı rəvayətlər və mahnılarda təbliğ edilən dəyərlər bu günədək öz əhəmiyyətini itirməyib”, – deyə vali qeyd edib.
O, türk xalqlarının güclənməsi yolunun birliyə və həmrəyliyə aparan yoldan keçdiyini vurğulayıb. E.Turan Türkiyə və Azərbaycan prezidentləri arasında mövcud sıx əməkdaşlıq və dialoqu “bölgədə sülhün və sabitliyin təminatı” adlandırıb.
İğdır Universitetinin rektoru Ekrem Gürel çıxışında “Dədə Qorqud” dastanının əhəmiyyətindən bəhs edib:
“Səmimi-qəlbdən inanıram ki, Türkiyə və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə keçirilən bu konfransın nəticələri ədəbiyyat, tarix, dilçilik, incəsənət və sosiologiya da daxil olmaqla, bir çox sahələrdə yeni uğurlu başlanğıclara təkan verəcək”.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev “Dədə Qorqud” dastanının beynəlxalq səviyyədə tanınmış bir əsər olduğunu vurğulayıb.
O qeyd edib ki, “Dədə Qorqud kitabı” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. “Dastanın beynəlxalq səviyyədə tanınması bizim üzərimizə məsuliyyət qoyur. Türkiyə və Azərbaycanın ortaq tarixi və mədəni kökləri bizi eyni ailənin üzvlərinə çevirir”, – deyə Z.Əliyev qeyd edib.
Konfransın fəxri qonağı, Xalq yazıçısı, akademik Kamal Abdulla yaradıcılığı, ədəbi və elmi fəaliyyəti ilə bağlı məruzələr dinlənilib, Kamal Abdullanın Türk dünyası elmində və ədəbi mühitində xidmətləri, Dədə Qorqud dastanı ilə bağlı araşdırmaları, "Qorqudşünaslıq" elmində apardığı tədqiqatlar haqqında danışılıb.
Qeyd olunub ki, Xalq yazıçısı, akademik Kamal Abdulla yaradıcılığı nəinki türk dünyasının, eyni zamanda dünya oxucularının diqqətini cəlb edir.
Sonda beynəlxalq tədbirin fəxri qonağı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.
Tədbir Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə
iki sessiya ilə işini davam etdirib.