Azərbaycanlı alimin də yer aldığı beynəlxalq tədqiqat qrupu 25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyub.
Manset.az xəbər verir ki, ABŞ-ın Corciya Universitetinin Kompleks Karbohidrat Araşdırmaları Mərkəzi (CCRC) və Farmasevtik və Biotibbi Elmlər Departamentinin (PBS) tədqiqatçısı, azərbaycanlı alim Dr. Şuay Abdullayevin də daxil olduğu beynəlxalq elmi qrupun məqaləsi nüfuzlu “Journal of Organic Chemistry (JOC)” jurnalında dərc olunub.
Qeyd edək ki, Dr. Şuay Abdullayev karbohidrat kimyası sahəsində bu istiqamətin aparıcı simalarından biri, öz adını daşıyan Crich β-mannosylation reaksiyasının müəllifi və sahənin “yaşayan əfsanəsi” hesab olunan Professor Dr. David Crich ilə birgə çalışır.
Tədqiqat göstərib ki, niderland və alman alimləri tərəfindən illərdir müdafiə edilən mexanizm hipotezi real eksperimental şəraitdə öz təsdiqini tapmayıb. Araşdırma həmçinin reaksiyanın mexanizmində hidrogen rabitəsinin mühüm rol oynaya biləcəyini göstərib.
Beləliklə, elmi ictimaiyyətdə uzun illər müzakirə olunan “remote participation” anlayışının bu reaksiyada rol oynamadığı müəyyənləşdirilib və sahədəki nəzəri fikir ayrılığına elmi əsaslarla nöqtə qoyulub.