Unibank Kommersiya Bankı 2025-ci ilin üçüncü rübünün maliyyə nəticələrini
açıqlayıb. Bankın əsas maliyyə nəticələri üzrə ilin əvvəlindən qeydə alınan
artım, 3-cü rüb ərzində də davam edib. Bank hesabat dövründə ölkənin real
iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma
və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.
Hesabat dövründə Bankın strateji hədəflərinə
uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi
kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə
biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 510 milyon manata yaxınlaşıb.
Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi
artım olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu kreditlərin portfeldəki
payında 43 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin
uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 112 milyon manat təşkil edib.
Unibank KB ASC-nin İdarə
Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: Bottom of Form
“2025-ci
ilin 3-cü rübü Unibank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ilə yadda qaldı. Bankın
kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Müştəriyönümlü
yanaşmamız, rəqəmsal bankçılıq həllərinin genişləndirilməsi və daxili idarəetmə
proseslərində davamlı optimallaşdırmalar nəticəsində strateji inkişaf
istiqamətlərimizi daha da möhkəmləndirdik. Unibank ölkənin real iqtisadiyyatına
dəstəyini daha da artıraraq, xüsusilə kiçik və orta sahibkarlığın
maliyyələşdirilməsində fəallığını gücləndirib. Qarşımızdakı dövrdə əsas
məqsədimiz — innovativ, şəffaf və inklüziv maliyyə mühiti formalaşdırmaqla, həm
müştərilərimiz, həm də ölkə iqtisadiyyatı üçün uzunmüddətli dəyər yaratmaqdır.”
Hesabat dövründə nağdsız əməliyyatların həcmində
və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə
nağdsız əməliyyatların həcmi 23%, sayı isə 29 % artıb. Üçüncü rübün sonuna
nağdsız əməliyyatların həcmi 10,9 milyard manatı, sayı isə 337 milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə
müqayisədə 10 % artdığı üçün ümumi müştəri sayı 2,2 milyon nəfəri keçib. Ötən
ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin
sayı isə 17 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım
nümayiş etdirib və müddətli depozitlərin həcminin 60 milyon manat artması
fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.
Bankın məcmu gəlirlərinin cəmi 277 milyon
manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım
deməkdir. Hesabat dövründə əməliyyat mənfəəti 42 milyon manat olub, xalis mənfəət
isə 15,4 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında yüksək
artım qeydə alınıb. Məcmu kapital 33% artaraq, 224 milyon manata çatıb, aktivlərin
həcmi isə 192 milyon manat artaraq 1,9 milyard manatı ötüb.
Bank ilk 9 ayı ərzində kapital adekvatlılığı əmsalını
da yüksəldib. Bu göstərici 30 sentyabr 2025-ci il tarixə 14,74 % təşkil edib.
Unibank – Sənin Bankın!