Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 3-cü rübü üçün maliyyə hesabatlarını açıqlayırlar.
Manset.az Yeniavaz.com-a istinadən xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında zərərlə işləyən yeganə bank "Bank BTB” ASC olub.
Bu ilin ilk 3 rübünün yekununda "Bank BTB” ASC-nin xalis zərəri 641 min manat olub. Qeyd edək ki, 4 ildir "Bank BTB” ASC zərərlə işləyir. Belə ki, 2024-cü ildə bankı xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub. Lakin maraqlıdır ki, "Bank BTB" ASC maliyyə hesabatları ilə bağlı yaydığı məlumatlarda zərər etdiyini göstərmir.
Bankın 2025-ci il 14 oktyabr tarixində rəsmi veb-saytında dərc olunan xəbərində bildirilir ki, bankın 9 ay üzrə xalis mənfəəti 2,3 milyon manata çatıb. Lakin xəbərdə "xalis mənfəət" kimi qeyd olunan bu məbləğ əslində bankın xalis mənfəəti deyil – bu, vergilər və bank fəaliyyəti ilə bağlı digər gözlənilməz xərclər ödənilməzdən əvvəlki mənfəətdir.
Məlumat üçün onu da bildirək ki, "Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
"Bank BTB"nin əsas səhmdarı Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın "Bank BTB” ASC olduğunu açıqlayıb.