Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.
Sonra İran HDQ-sinin nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “AZIREX-2025” birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində təlimə dair brifinq təqdim edilib, maraq doğuran suallar cavablandırılıb.
Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.