Hər il oktyabr ayı dünyanın bir çox ölkələrində “Kibertəhlükəsizlik
üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu çərçivədə cəmiyyətdə
kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, vətəndaşlar və şirkətlər
arasında kibergigiyena qaydalarının təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər
həyata keçirilir.
Son dövrdə ölkəmizdə də hər kəsi düşündürən
vacib sual məhz budur - özümüzü kiberdələduzlardan necə qoruyaq? Bu istiqamətdə
Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə maliyyə qurumları tərəfindən bir
çox maarifləndirmə layihələri həyata keçirilir.
Mütəmadi olaraq kiberdələduzluğa qarşı
çağırışlarla gündəmə gələn Kapital Bank Kibertəhlükəsizlik
üzrə maarifləndirmə ayında da müştərilərini
məlumatlandırmağa davam edir. “Dayan, Düşün, Dəqiqləşdir!” şüarı ilə müştərilərinə
müraciət edən bank, hər kəsi real həyatda olduğu kimi rəqəmsal dünyada da diqqətli
olmağa çağırır.
Dələduzların əsas məqsədi hədəf şəxsi həyəcanlandırmaq,
təlaşlı vəziyyətə salmaq, qurbanlarına düşünmək üçün zaman vermədən özlərini həll
təqdim edən şəxs kimi göstərib onları tora salmaqdır. Məhz bu zaman atılmalı
olan ən vacib addım tələşlanmadan dayanmaq, düşünmək və dəqiqləşdirməkdir.
Bunun üçün aşağıdakı məqamları bilmək olduqca vacibdir.
Banklar adından edilən
zənglərə qarşı diqqətli olun. Xüsusən də bu zənglər +994 kodu ilə
başlamayan xarici ölkədən və ya “WhatsApp” kimi sosial şəbəkə hesablarından
edilərsə. Unutmayın ki, bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya
xarici ölkədən zəng edə bilməz. Belə bir zəng almısınızsa və sizdən kartınızın
üzərindəki 16 rəqəmli PAN nömrə, 3 rəqəmli CVV kod və ya mesajla göndərilən 4 rəqəmli
birdəfəlik şifrə (OTP kod), şəxsiyyət vəsiqəsinin FİN kodu istənilirsə əmin ola
bilərsiniz ki, siz bank əməkdaşı ilə yox, dələduzla danışırsınız. Bu zaman sizə
göndərilən linklərə daxil olmaq qətiyyən olmaz. Əks halda telefonunuzun idarəsini
itirmiş və dələduza telefonunuzdakı bütün proqramlardan, həmçinin də bank
hesablarınızdan istifadə üçün icazə vermiş olacaqsınız. Kapital Bank bu mövzuda
zəng edən əməkdaşın bank nümayəndəsi olub olmadığını yoxlamaq imkanı verir. Bu,
Birbank mobil tətbiqindəki yeni funksionallıqla
mümkündür. Belə ki, sizə Kapital Bank adından zəng gəldiyi halda zəng edən şəxsdən
Birbank tətbiqinə bildiriş göndərməsini tələb edə bilərsiniz. Daha sonra mobil
tətbiqə daxil olun. Zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa mobil tətbiqdə
bunu təsdiq edən bildiriş alacaqsınız. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif
edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün
təşəkkür edirik”. Bu bildirişi aldığınız təqdirdə zəng edən şəxslə danışığınızı
davam etdirə bilərsiniz. Əks halda zəngi dərhal sonlandırın. Mobil
tətbiq istifadəçisi olmayan şəxslərə isə eyni mesaj Birbank vasitəsilə sms-lə göndərilir.
İnvestisiya
təklifləri təhlükəli ola bilər. Dələduzlar
xüsusən sosial şəbəkələrdə insanlarla əlaqəyə keçib müxtəlif investisiya
üsulları təqdim edirlər. Bu zaman kiçik məbləğlər qarşılığında daha böyük məbləğlər
vəd edilir. Bəzən bu məbləğlər göndərilsə də nəticədə bütün məbləğ mənimsənilir
və vətəndaşlar aldadıldıqlarını anlayırlar.
Kartın 3-cü şəxslərə verilməsi yolverilməzdir. Son zamanlar məlumatsız şəxslərin aldadılması və
onlara məxsus bank kartlarının alınması ilə bağlı dələduzluq halları artıb. Belə
ki, müxtəlif yollarla vətəndaşlara yaxınlaşan dələduzlar onlara bank
filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər.
Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları
alınaraq dələduzluq əməllərində istifadə edilir. Bank kartını başqalarına verməyin
təhlükəli nəticələri ola bilər. Hər şeydən öncə bu şəxsi məlumatların
oğurlanması deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin
maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə
bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə
əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən,
oğurluq pulların izlərinin itirilməsində
məhz bu kartlar istifadə edilə bilir. Həmçinin hər bir vətəndaş ona məxsus bank
kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına
verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər
hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə
görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.