“Sözsüz ki, bu adam müdafiə olunmalıdır. Hətta hökümət də onun bu hüququnu tanıyıb”.
Manset.az Yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
O, dövlətə xəyanətdə və digər cinayətlərdə fittiham edilən Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin müdafiəsinə dair hüquq müdafiəçilərinin mövqeyini açıqlayıb.
N. Cəfəroğlu bildirib ki, Ramiz Mehdiyevi şəxsən tanımasa da, haqqında deyilən bəzi iddialardan xəbərdar olub:
“Mən bu insanı əyani tanımamışam. Amma bilirdim ki, hakimiyyətdə bu adda adam var və adı yaxşı işlərdə hallanmır. Amma nə yaxınlarım, nə də mən ondan pislik görmüşük”.
Hüquq müdafiəçisi Ramiz Mehdiyevi bu əməlinə görə bağışlaya bilmədiyini vurğulayıb:
“Mənim dövlətimdə çevriliş etməyə cəhd göstəribsə, ən ağır cəzaya layiqdir. Çünki hər tərəfimiz düşmənlə doludur, Türkiyədən başqa. Buna baxmayaraq, torpaqlarımızı işğaldan azad edərək, ərazi bütövlüyümüzü təmin etmişik. Belə bir zamanda dövlət çevrilişi etmək cəhdi ancaq düşmən işidir. Ona görə də qanun qarşısında cavab verməlidir. Ramiz Mehdiyev ən ağır cəzaya layiqdir. Verdiyi əzablara görə Allah da onu cəzalandıracaq. Bu əməlini ona bağışlaya bilmirəm”.