“Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən tədbirlərdən biri Zərdabda baş tutub. Heydər Əliyev Mərkəzində reallaşan görüşə 30-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zülfi Ağayev iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata
keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib.
Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif
gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.
Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb.
Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici
söhbət aparılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma
prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla
yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin
balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda
yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər,
qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu
ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların
sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də
elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat
verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli
üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan
onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub.
İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi
problemlər yerindəcə həll olunub.
Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər,
görüşləri davam etdirir. Fermer və sahibkarların təklif, tövsiyələri dinlənilir,
mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Məqsəd abonentlərin
dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi
itkilərinin minimuma endirilməsidir.