Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə ETX və Malayziyanın Milli CERT-i arasında onlayn formatda Anlaşma Memorandumu imzalanıb.
Manset.az xəbər verir ki, sənəd kibertəhlükəsizlik sahəsində təcrübə və bilik mübadiləsini təşviq
etmək, eləcə də bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin peşəkar
inkişafına dəstək göstərmək məqsədi daşıyır.
Tərəflər, həmçinin
informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması, birgə təlim və
seminarların təşkili, qabaqcıl təcrübə və məlumat mübadiləsi, habelə yeni
texnoloji həllər və innovativ yanaşmalar istiqamətlərində əməkdaşlıq edəcəklər.
Görüşdə tərəflər
qeyd ediblər ki, bu sənəd informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində
strateji tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional və qlobal təşəbbüslərdə
qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.