Mərmərə Universitetinin İnsan və Cəmiyyət Elmləri
Fakültəsinin Türk Dili və Ədəbiyyatı bölməsi tərəfindən Azərbaycan elminin və ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik
yubileyi münasibətilə “Kültür ve Edebiyat Araştırmaları – I” adlı beynəlxalq
elmi simpozium keçirilib.
Manset.az xəbər verir ki, simpoziumun əsas məqsədi Kamal Abdullanın çoxşaxəli elmi və bədii fəaliyyətini, onun müasir dilçilik, ədəbiyyatşünaslıq və mədəniyyətşünaslıq sahələrində apardığı tədqiqatları elmi müstəvidə təhlil etmək, həmçinin onun Türk dünyasının elmi və mədəni fikrinin inkişafına verdiyi töhfələri müzakirə etməkdən ibarət olub.
Simpoziumun açılış mərasimində müxtəlif ölkələrdən gəlmiş alimlər və tədqiqatçılar çıxış edərək Kamal Abdullanın yaradıcılığının elmi və ədəbi xüsusiyyətlərini, onun əsərlərində milli-mədəni dəyərlərlə müasir düşüncə tərzinin vəhdətini xüsusi vurğulayıblar.
Simpoziumun birinci panelinə dosent Mehdi Gəncəli sədrlik edib. Bu bölmədə doktor Burak Eke “Müasir dilçilik və Kamal Abdulla”, professor Haluq Harun Duman “Dədə Qorquda edilən islam əlavələri”, Prof. Dr. Sabahat Deniz, doktor Nəcibə Nəsibova, professor Harun Duman Kamal Abdullanın yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər.
İkinci paneldə isə akademik Muxtar İmanov “Kamal Abdullanın ədəbi baxışları”, akademik Nizami Cəfərov “Kamal Abdullanın dilçilik görüşləri”, tədqiqatçı Mario Saldaini “Kamal Abdullanın tamamlanmamış teoremi” mövzusunda məruzə ilə çıxış edib.
Simpozium çərçivəsində Kamal Abdullanın elmi irsinə
müxtəlif nəzəri yanaşmalar təqdim olunub, onun dil, mətn və mif anlayışlarını
özünəməxsus fəlsəfi baxışlar kontekstində izah edən əsərləri elmi aspektdən
təhlil edilib. Simpozium həm Azərbaycan, həm də Türkiyə elmi mühitində Kamal
Abdulla yaradıcılığına göstərilən marağın davamlı xarakter daşıdığını və bu
istiqamətdə ortaq elmi əməkdaşlıqların vacibliyini bir daha nümayiş etdirib.