2025-ci il noyabrın 4-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasında Türkiyənin Eskişehir Barosunun rəhbəri Barış Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşü giriş sözü ilə açan VK-nın sədri Anar Bağırov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin hüquq sahəsində də getdikcə möhkəmləndiyini vurğulayıb.
Sədr son illər Kollegiyada həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Anar Bağırov ötən il Ankara şəhərində Türkiyə Barolar Birliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilmiş Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşünü xatırladaraq, həmin toplantıda imzalanan niyyət bəyannaməsinin əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini qeyd edib. Sədr yaxın gələcəkdə Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyinin yaradılacağına inamını ifadə edib.
Həmçinin sədr Azərbaycanda vəkillik institutunun inkişaf tarixindən, Kollegiyanın maliyyə müstəqilliyi və elektron idarəetmə sistemi barədə danışaraq vurğulayıb ki, bu gün dövlət tərəfindən vəkilliyin inkişafına ardıcıl diqqət və qayğı göstərilir.
Öz növbəsində, Eskişehir Barosunun rəhbəri Barış Günaydın səmimi qəbula görə təşəkkürünü bildirib, ilk rəsmi görüşdən böyük məmnunluq duyduğunu qeyd edib. O, gələcəkdə iki qurum arasında təcrübə mübadiləsinin aparılması, birgə təlim və seminarların təşkil edilməsinə ümid etdiyini dilə gətirib.
Görüş zamanı Sumqayıt Regional Vəkil Bürosu ilə Eskişehir Barosunun qardaşlaşmış büro elan edilməsi təklifi irəli sürülüb. Sədr Anar Bağırov bu təşəbbüsü yüksək qiymətləndirərək qarşılıqlı əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb.
Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və xatirə hədiyyələri təqdim edilib.