Bir müəllim – yüz məsuliyyət: İbtidai təhsildə yeni yanaşmaya ehtiyac

11:48 - 05 Dekabr 2025

Bir müəllim – yüz məsuliyyət: İbtidai təhsildə yeni yanaşmaya ehtiyac

Nazirin son açıqlamasında ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrinin digər fənn müəllimləri ilə müqayisədə daha aşağı görünməsi əslində müəllimlərin zəifliyindən yox, mövcud tədris modelinin ağırlığından xəbər verir. İbtidai sinif müəllimi bir gündə həm dili, həm riyaziyyatı, həm həyatı bilikləri, həm tərbiyə işini, həm sənədləşməni, həm də şagirdlərin psixososial inkişafını izləmək məcburiyyətində qalır. Bu qədər fərqli istiqaməti eyni anda daşımaq heç bir ölkədə asan deyil və nəticələrin aşağı görünməsi də məhz bu çoxşaxəli yükün təbii nəticəsidir. Bir az zarafatla desək, ibtidai sinif müəllimi məktəbin “hər işə yarayan multitool”udur — amma multitool belə heç vaxt ixtisaslaşmış bir alətin yerini tam doldura bilmir.


Dünya təcrübəsində bu yükün nə qədər ağır olduğu çoxdan qəbul edilib və bir çox ölkələr ibtidai sinifdə qismən ixtisaslaşma modelinə keçiblər. Yəni dili sevən və bu sahədə güclü olan müəllim dili, riyaziyyatı daha yaxşı qavrayan və metodikanı dərindən bilən müəllim isə riyaziyyatı öyrədir. Bu model həm dərsin məzmununu zənginləşdirir, həm də müəllimi “hər şeydən bir az bilməliyəm” stresindən azad edir. Şagird də hər fənni öz sahəsinin mütəxəssisindən öyrəndiyi üçün öyrənmə keyfiyyəti yüksəlir.

Bu model Azərbaycanda da tətbiq oluna bilər, sadəcə bunun üçün tələsik deyil, mərhələli və düşünülmüş addımlar lazımdır. İlk növbədə bu dəyişiklik ali təhsil mərhələsindən başlamalıdır. Hazırda universitetlərdə ibtidai sinif müəllimi bütün fənləri ümumi şəkildə öyrənir, nəticədə müəllimlik diplomu alsa da, hansısa fənn üzrə dərin ixtisaslaşma yaranmır. Halbuki universitet səviyyəsində “ibtidai sinifdə dil tədrisi”, “ibtidai sinifdə riyaziyyat tədrisi”, “ibtidai sinif üçün oxu-məntiq bacarıqları”, “ibtidai sinifdə tətbiqi metodika” kimi ayrıca modul və istiqamətlər yaradılarsa, gələcək müəllim hədəfli şəkildə yetişər. Bu da məktəbdə fənn bölgüsünü mümkün və real edər.

Bunun ardınca pilot məktəblərdə bu model sınaqdan keçirilə bilər. Nəticələrə əsasən həm kurikulumda, həm də dərs bölgüsündə lazım olan dəyişikliklər etmək daha asan və dəqiq olar. Valideynlərlə də aydın kommunikasiya vacibdir — çünki ibtidai sinifdə “tək müəllim” modelinə vərdiş etmiş valideynlərə yeni sistemin üstünlükləri sadə dillə izah olunmalıdır.

Eyni zamanda, növbəti sertifikasiya modelinə dair bir təklif də çox real görünür: müəllimlər sertifikasiyaya öz seçdikləri istiqamət üzrə daxil ola bilərlər. Yəni müəllim ya dil üzrə, ya riyaziyyat üzrə, ya da ibtidai sinfin əsas fənlərindən biri üzrə imtahana girə bilər. Bu yanaşma iki böyük fayda verər: birincisi, müəllim öz güclü tərəfini seçərək daha yüksək nəticə göstərəcək, ikincisi isə şagirdin qarşısına həmin sahədə daha ixtisaslaşmış müəllim çıxacaq. Müəllimin öz güclü tərəfinə yönəlməsi həm motivasiyanı artırır, həm də tədrisin keyfiyyətini yüksəldir.

Mənim mövqeyim odur ki, ibtidai sinif müəllimindən hər şeyi mükəmməl şəkildə bilməsini gözləmək nə insaflıdır, nə də real. Həm universitetdə ixtisaslaşma, həm məktəbdə fənn bölgüsü, həm də sertifikasiyada seçilmiş istiqamət üzrə imtahan imkanı müəllimləri həm psixoloji, həm də peşəkar baxımdan qoruyan, daha sağlam və davamlı bir sistem yaradar. Bu dəyişikliklərin tətbiqi həm müəllimlərin yükünü azaldar, həm də şagirdlərin öyrənmə keyfiyyətini ciddi şəkildə yüksəldər.

Günay Əkbərova
Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın katibi

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az