Xəzər rayon İcra Hakimiyyəti ilə bağlı şikayət var.
Manset.az xəbər verir ki, sonxeber.az-ın redaksiyasına müraciət edən sakinlər bildiriblər ki, Türkan qəsəbəsi sakinlərinin tikililəri qanunsuz şəkildə sökülüb.
Şikayətçi Rəhimli Gülizar bildirir ki, onlara səbəb deyilməyib və qarşı tərəfin əlində heç bir əsas olmayıb:
"Hövsan qəsəbəsində yaşayıram. Türkan qəsəbəsi Bağlar massivində torpaq sahəm var. Mən öz sahəmdə hasar tikmişdim, qonşum isə öz torpağında ev tikmişdi. Xəzər rayon İcra Hakimliyindən, Türkan qəsəbəsi üzrə nümayəndəlikdən, Əmlak Məsələləri Dövlət Komitəsindən daha öncə də gəlmişdilər, "yola salmışıq". İkinci dəfə yenə gəldilər, həm də traktorla. Dediklərinə görə, guya bizim yerimiz kənd təsərrüfatı təyinatlıdır. Amma o halda 500 manat cəriməsi var. Əmlak Məsələləri Dövlət Komitəsinə cəriməni ödəyirsən, tikinti yerində qalır.
Dedilər: "Bizə yuxarıdan deyiblər ki, sökün. Biz də sökməliyik". Əllərində heç bir sənəd, kağız, əsas olmadan sökdülər. Halbuki bizim əlimizdə çıxarışımız var. Bizə həm cərimə yazdılar, həm də söküntü apardılar. Xəzər rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfatı şöbəsinin müdiri Rəsulov Rəsul və Türkan qəsəbəsi üzrə nümayəndəliyi Quliyev Rövşən söküntü işinin başında idi.
Onu da qeyd edək ki, bizə öncədən heç bir məlumat verilməyib. Mən onlara bildirdim ki, bizə məhkəmədən kağız gəlməli, səbəb söylənilməli idi. Çıxarışı, sənədi olmasaydı, bələdiyyə torpağı olsaydı, işıq xətti altından keçsəydi, dəmiryolunun yanında yerləşsəydi, onda biz düzgün iş görməmiş olardıq. Amma tikintimizin dörd bir yanı evdir, hər tərəfimizdə yaşayış var. Ortada 60 metrlik yer qalıb, orada da biz evimizi tikirik. Hamı tikib, biz də tikirik. Amma bizə problem yaratdılar, sökdülər, yerlə bir etdilər.
Gələn adamlar Xəzər rayon Polis İdarəsinə zəng etdilər. 2 maşın polis gəldi. Söküntüyə etiraz edən ev sahiblərindən 3 nəfəri tutub apardılar".