Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası (AHİK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il ərəfəsində ölkəmizin bütün şəhər və rayonlarında uşaqlar, o
cümlədən ittifaq üzvlərinin və şəhidlərimizin övladları üçün bayram şənlikləri
təşkil edib, görüşlər keçirib.
Manset.az xəbər verir ki, tədbirlər
işğaldan azad edilmiş əraziləri - Qarabağ və Şərqi Zəngəzuru da əhatə edib.
Doğma yurdlarına qayıdan ailələrin övladları ilə keçirilən görüşlər xüsusi rəmzi
məna daşıyıb, uşaqların öz torpaqlarında bayramı qeyd etməsi şənliklərə daha fərqli
ab-hava qatıb.
Xankəndi və
Şuşa şəhərlərində, eyni zamanda Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Kəlbəcər,
Laçın, Xocalı və Zəngilan rayonlarında baş tutan bayram tədbirlərində çıxış edən
AHİK nümayəndələri məktəbliləri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik
edib, onlara təhsillərində uğurlar arzulayıblar.
Qeyd olunub
ki, dövlətimiz tərəfindən işğaldan azad olunan ərazilərimizdə yaradılan müasir
infrastruktur və sosial şərait şagirdlərin doğma yurdlarında keyfiyyətli təhsil
almalarına və hərtərəfli inkişafına geniş imkanlar yaradır.
Bayram tədbirlərində
gələcəyin vətənpərvər, dərin zəkalı, intellektual gəncliyi olacaq bugünkü
uşaqların yüksək səviyyədə təhsillə təmin edilməsi, layiqli vətəndaş kimi
yetişməsi istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan
genişmiqyaslı işlərdən, eləcə də Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən
bəhs olunub.
Həmçinin
vurğulanıb ki, uşaqlara diqqət göstərilməsi, onların asudə vaxtının maraqlı və
yaddaqalan təşkili həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərindəndir və
bu məqsədlə müxtəlif sosial layihələr həyata keçirilir.
Tədbirlər
zamanı şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, bayram əhval-ruhiyyəsində
çıxışlar edib, doğma torpaqlarda yaşamağın sevincini bölüşüblər.
Qeyd edək ki,
bayram şənlikləri sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsil aldıqları məktəblərdə də keçirilib.