"Televiziya kanallarında, bu telefonlarda o qədər ailənin dağılmasına xidmət göstərən məqamlar var ki, onları aradan götürmək lazımdır".
Manset.az xəbər verir ki, bu sözləri professor, etnoqraf Təvəkkül Səlimov jurnalist Famil Fərhadoğlunun suallarını cavablayarkən deyib. Professor bildirib ki, televiziyalarda ailələrin dağılmasına xidmət edən çoxsaylı məqamlar var və bu hallar aradan qaldırılmalıdır:
“Kimsə həyat yoldaşından ayrılır, kimsə uşağından, kimsə isə uşaqsız ayrılır. Bu cür şəxslərin telekanallara çıxarılması boşanmalara zəmin yaradır".
Təvəkkül Səlimov konkret nümunə çəkərək qeyd edib ki, ailə münasibətləri ilə bağlı həssas məsələlərin efirə çıxarılması xeyirxahlıq deyil, əksinə, cəmiyyətdə ailə dəyərlərinin aşınmasına səbəb olur:
"Bu, xeyirxahlıq deyil. Bu, o deməkdir ki, sabah gedib kiminləsə gəz, dolaş, ailəni dağıt. Bilirsən ki, bunun üçün proqramlar var - gedib orada məsələni həll edəcəksən".
Professor telekanalların ailə məsələlərinə həddindən artıq müdaxilə etdiyini vurğulayıb:
“Siz "zaks"orqanısınız, yoxsa istintaq orqanı? Sizə kim səlahiyyət verib ki, istintaq səviyyəsində veriliş aparasınız? Bu, yolverilməzdir”.
Müsahibə zamanı Təvəkkül Səlimov, həmçinin sosial verilişlərin insanların həyatına təsirindən, efirlərə ekspert kimi dəvət olunan bəzi şəxslərin peşəkar səviyyədə olmamasından, məktəblərdə mövcud boşluqlardan, adət-ənənə və mədəniyyət məsələlərindən də danışıb, mövcud çatışmazlıqları diqqətə çatdırıb.
Sözügedən müsahibə təqdim edirik: