Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 151–200 universiteti sırasında yer almış, “Linqvistika” proqramı üzrə isə ilk dəfə iştirak edərək 251–300-cü mövqedə qərarlaşmışdır.
Manset.az xəbər verir ki, 25 mart tarixində “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi 2026-cı il üçün fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini dərc edib. Nəticələrə əsasən, Azərbaycan Dillər Universiteti “Müasir dillər” istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151–200 aralığında qərarlaşıb. Universitet eyni zamanda “Linqvistika” sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251–300-cü yerlər qrupunda təmsil olunub.
QS tərəfindən bu ilin reytinqlərinin hazırlanması məqsədilə təxminən 6,273 ali təhsil müəssisəsinin akademik nüfuzu və elmi-tədqiqat fəaliyyətinin nəticələri təhlil edilib. Bu qurumlar arasından 1,908 universitet 55 dar ixtisas sahəsi və 5 geniş fənn istiqaməti üzrə qiymətləndirilmiş, nəticədə 21,000-dən çox göstərici formalaşdırılmışdır. Bu statistika QS-in fənn reytinqlərinin hazırlanmasının genişmiqyaslı və kompleks xarakter daşıdığını nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan Dillər Universiteti əvvəlki illərlə müqayisədə dinamik inkişaf nümayiş etdirib. Belə ki, universitet 2023 və 2024-cü illərdə “Müasir dillər” sahəsi üzrə 301–340 aralığında qərarlaşdığı halda, 2025-ci ildə mövqeyini 201–250 aralığına yüksəltmiş, 2026-cı ildə isə bu göstəricini daha da yaxşılaşdıraraq ilk 200-lükdə yer almışdır.
QS fənn reytinqləri beş əsas indikator əsasında formalaşdırılır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, bir məqaləyə düşən istinadların sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu göstəricilər ali təhsil müəssisələrinin həm elmi-tədqiqat potensialını, həm də qlobal akademik mühitdəki mövqeyini kompleks şəkildə qiymətləndirməyə imkan verir.
Azərbaycan Dillər Universitetinin bu nailiyyətləri onun beynəlxalq akademik məkanda mövqeyinin möhkəmləndiyini nümayiş etdirir. Universitet kollektivinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.