ABŞ NATO-nun şərq cinahını gücləndirmək məqsədilə Polşada yeni daimi hərbi baza yaradılması layihəsinə müsbət cavab verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Pentaqonun layihəyə “yaşıl işıq” yandırdığını açıqlayıb. Rusiya ilə mümkün müharibənin baş verə biləcəyi ehtimal olunan iki istiqamətdən birində yaradılması nəzərdə tutulan bazada hava hücumundan müdafiə sistemlərinin və hərbi aviasiya bölmələrinin yerləşdirilməsi planlaşdırılır. Bazanın əsas qüvvəsini isə 5 min hərbçidən ibarət zirehli qoşun birləşmələrinin təşkil edəcəyi bildirilir.
Polşanın Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış Vaşinqtonda ABŞ-ın müdafiə naziri Pit Heqsetlə görüşündən sonra Pentaqonun ölkəsində daimi Amerika hərbi bazasının yaradılması layihəsinə razılıq verdiyini açıqlayıb.
Polşanın may ayında rəsmən gündəmə gətirdiyi layihə ilə bağlı yekun qərarı isə ABŞ Prezidenti Donald Tramp verəcək.
Pentaqonun Avropada yerləşdirilmiş təxminən 80 min ABŞ hərbçisinin mövcudluğunu yenidən nəzərdən keçirdiyi bir vaxtda bu addım Vaşinqtonun qitədəki hərbi iştirakını azalda biləcəyi ilə bağlı müzakirələrin getdiyi dövrə təsadüf edir.
Rusiya ilə həmsərhəd Kalininqrad vilayəti və Belarusla sərhədi olan Polşa ABŞ hərbçilərinin ölkədə növbəli əsasda yerləşdirilməsi əvəzinə daimi döyüş hissələri şəklində dislokasiyasını istəyir.
Varşavanın gələcək hərbi bazanın infrastrukturunun yaradılmasına təxminən 4 milyard avro vəsait ayırmağı təklif etdiyi bildirilir.