Bütün dövrlərdə uşaqlar yaşadıqları mühitə, cəmiyyətin normalarına, stereotiplərinə və mövcud şəraitə uyğun şəkildə formalaşıblar və bir cəmiyyətin, dövlətin, eləcə də millətin davamlı inkişafı və uzunmüddətli sabitliyin əsas şərti uşaqların düzgün yetişməsidi.
Müasir dövrdə isə bu
prosesi müəyyən edən əsas güc internet və sosial şəbəkələrdir.
İnternet artıq təkcə informasiya və əyləncə mənbəyi deyil, eyni
zamanda cəmiyyətin normalarını, həyat tərzini, siyasi mövqelərini və gələcəyə
baxışını formalaşdıran mühüm bir mühitə çevrilib. Xüsusilə,
YouTube, TikTok, Facebook
və Instagram kimi platformalar vasitəsilə
rəqəmsal mühit insanları yalnız məlumatlandırmır, eyni zamanda onları
istiqamətləndirir, təsir altına alır və müəyyən düşüncə və davranış çərçivələri
yaradır.
Mənim yaşıdlarım üçün
“like”, “view” və izləyici sayı getdikcə daha vacib olur. Bəzən insanın öz
dəyəri real həyatda yox, ekranda aldığı reaksiyalarla ölçülür. Paylaşımın az
“like” alması özünə inamsızlıq yaradır, çox alması isə süni bir xoşbəxtlik
hissi verir. Bu da stressə və təkliyə səbəb olur.
Sosial şəbəkələrdə
gördüyümüz videolar və “trend”lər təsadüfi deyil. Alqoritmlər nəyi izlədiyimizi
analiz edir və məqsədli şəkildə bizi eyni məzmun dairəsinə salır. Cəmiyyətin
həsəs qrupu olan uşaqlar və yeniyetmələr isə bunan ən cox təsirlənən tərəf
olur. Zorakılığı normallaşdıran, qorxu yaradan və ya yalan məlumat yayan
paylaşımlar adi hal kimi qəbul edilir.
Bu gün daha təhlükəli
problemlərdən biri “fake” news və “deepfake” məzmunlardır. İnternetdə yayılan bəzi xəbərlər və videolar həqiqi
görünsə də, əslində saxtadır. “Deepfake” texnologiyaları ilə insanların səsi və görüntüsü dəyişdirilərək
onları demədikləri sözləri demiş kimi göstərirlər. Bu cür məzmunlar özündə
siyasi mövqe, dini radikalizm, şəxsi maraqlar daşıyır və beləliklə, insanları aldatmaq və cəmiyyətdə inamsızlıq yaratmaq üçün
istifadə olunur.
Digər ciddi problem isə
rəqəmsal asılılıqdır. Telefonu saatlarla əlindən qoymamaq, gecə gec yatmaq,
dərslərə diqqətin azalması artıq bir çox gənc üçün adi hala çevrilib. Real
ünsiyyət azalır, insan özünü getdikcə daha çox tənha hiss edir.
Bu məsələlər təkcə
uşaqların problemi deyil, bütövlükdə cəmiyyətin problemidir. Çünki bu gün
manipulyasiyaya məruz qalan uşaq sabah qərar verməkdə çətinlik çəkən, təsirə
açıq bir gənc ola bilər.
Bu baxımdan dövlətin
rolu xüsusilə vacibdir. Son illərdə cənab Prezidentin yaratdığı yeni geosiyasi reallıqlar, sülh
gündəliyi və ABŞ kimi lider dövlətlərlə imzalanan sənədlər qarşılıqlı inam və
etimadın göstəricisidir. Bu əməkdaşlıq təkcə iqtisadi və hərbi sahələri deyil,
eyni zamanda süni intellekt və rəqəmsal inkişaf istiqamətlərini də əhatə edir.
ABŞ kimi süni intellekt sahəsində dünyanın qabaqcıl ölkələrindən biri ilə əməkdaşlıq Azərbaycanın bu sahədə inkişafına mühüm töhfə verəcək.
Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası
da bu yanaşmanı əks etdirir.
Eyni zamanda ölkəmizdə
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Fərdi məlumatlar
haqqında” qanunlar mövcuddur. Bu qanunlar uşaqları psixoloji baxımdan zərərli
məzmundan və şəxsi məlumatların icazəsiz yayılmasından qorumağı nəzərdə tutur.
Lakin rəqəmsal manipulyasiya və asılılıq kimi yeni çağırışlar bu
qanunvericiliyin daha da təkmilləşdirilməsini zəruri edir. Bu günlərdə Milli Məclisdə uşaq
hüquqları ilə bağlı məsələnin gündəliyə salınması da məhz bu zərurətdən irəli gəlir.
Digər
bir vacib məsələ isə riskli alqoritmlərin
qarşısının alınması ilə bağlıdır. Burada uşaqların daha çox müdafiə olunması
üçün real mexanizmlərin yaradılmasına, valideyn nəzarəti
alətlərinin gücləndirilməsinə və məktəblərdə rəqəmsal
savadlılıq dərslərinin
tədrisinə ciddi ehtiyacın olduğunu ayrıca qeyd etmək istərdim.
Rəqəmsal dünya artıq
reallıqdır. Amma bu reallıq bizi idarə etməməlidir. Əksinə, biz onu düzgün və
təhlükəsiz şəkildə idarə etməyi öyrənməliyik. Uşaqlıq “like”larla yox, real
həyatla ölçülməlidir.