Nizami Rayon İcra
Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı
ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və 2026-cı il
"Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş II Makeathon Nizami
Festivalı keçirilib.
Manset.az xəbər verir ki, rayon
gənclərinin müasir texnoloji biliklərə sahib olması, robotiks və süni intellekt
sahəsinə marağının artırılması, müasir şəhərsalma barədə ilkin bilik və
bacarıqların formalaşdırılması məqsədilə təşkil olunan festivalda 32 komanda və
21 fərdi iş təqdim olunub, ümumilikdə 300 gənc təqdimatla çıxış ediblər.
Onların “Smart city” və “Sərbəst layihə” mövzularında işlərinə baxış keçirilib.
Gənclər “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı ev”, “Rəqəmsal mənzil”, “Rəqəmsal
kənd təsərrüfatı”, “Yağış sularının idarə olunması və səmərəli istifadəsi”,
“Tarixi abidələrə perspektiv baxış”, “Bərpaolunan enerji və ekosistem” və başqa
mövzularda layihələrini təqdim ediblər.
Eyni
zamanda, festival çərçivəsində “Xəyalımdakı şəhər” mövzusunda rəsm müsabiqəsinə
daxil olmuş 43 işə baxılıb, eləcə də 60 inşaya rəy bildirilib.
Dövlət
Himninin səsləndirilməsi ilə başlanan mərasimdə müasir, müstəqil Azərbaycan
Respublikasının banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin
ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz
xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Çıxış
edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin
Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Yeni Azərbaycan
Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə
Musayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini Fəttah Fəttayev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin
Kommunikasiya üzrə meneceri Emin Hüseynzadə, Yeni Azərbaycan Partiyası Nizami
rayon təşkilatının sədri Ramil Vəlibəyova və başqaları Azərbaycanda Prezident
İlham Əliyevin rəhbərliyi ilə rəqəmsallaşma ilə bağlı həyata keçirilən işlərdən,
ölkəmizin timsalında müasir şəhərsalma nümunələrindən, WUF13-ün əhəmiyyətindən
söz açıb, gənc nəslin müasir dövrün çağırışlarına uyğun yetirişdirilməsi vəzifələrindən
bəhs ediblər.
Diqqətə
çatdırılıb ki, ölkəmizdə may ayının 17-dən 22-dək BMT-nin Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası keçiriləcək. Qədim tarixə, zəngin mədəniyyətə və sürətlə
inkişaf edən müasir şəhər həyatına malik olan Bakımızda “WUF13” tədbirinin
keçirilməsi şəhərlərin gələcəyi naminə beynəlxalq əməkdaşlığın nə qədər vacib
olduğunu bir daha göstərir. Bildirilib ki, bu gün texnologiya və innovasiya şəhər
həyatını dəyişir. Enerji səmərəliliyi, rəqəmsal idarəetmə, ekoloji nəqliyyat və
yaşıl məkanların artırılması şəhərlərin inkişafında əsas prioritetlərdən
biridir. İnanırıq ki, “WUF13” çərçivəsində aparılan müzakirələr yeni əməkdaşlıqlara,
uğurlu təşəbbüslərə və davamlı inkişaf naminə mühüm qərarlara töhfə verəcək.
Çıxışlardan
sonra festivalda təqdim olunan işlərin qiymətləndilməsindən sonra qaliblərə mükafatlar,
eyni zamanda, iştirakçılara müxtəlif nominasiyalar üzrə sertifikatlar və təşəkkürnamələr
də təqdim edilib.
Festivala
“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin kollektivinin konsert
proqramı ilə yekun vurulub.