Yasamalda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi - FOTOLAR

16:00 - 25 Fevral 2026

Yasamalda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi - FOTOLAR

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və 2 nömrəli Bakı Baza Tibb Kollecinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov,  2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vasif Qafarov, Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Elnur Allahverdiyev, Xocalı Şəhid Ailələri Cəmiyyətinin sədri, Xocalı şəhidi Şöhrət Həsənovun həyat yoldaşı, Xocalı soyqırımının canlı şahidi Mehriban Əliyeva, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri Fərhad Qaraşov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

YAP Yasamal rayon təşkilatında baş tutuan tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu öndər Heydər Əliyevin, Respublikamızın suverenliyi və ərazi bötövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş videoçarx nümayiş olunub.

Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru Vasif Qafarov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb etmişdir. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Ulu Öndər Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 1994-cü il 24 fevralda isə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Çıxışına davam edən Vasif Qafarov qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti vardır. Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü fəaliyyətin miqyası ildən ilə genişlənir. Bu soyqırımın Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyən Vasif Qafarov 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanılaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun bütün şəhidlərimizin, eləcə də, Xocalı qurbanlarının qisasını aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha bütün dünyaya nümayiş etdirir.

Çıxışdan sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbirə 2 nömrəli Bakı Baza Tibb Kollecinin təqdimatında bədii kompozisiya ilə yekun vurulub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az