"Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz" - RƏSMİ

15:00 - 02 Aprel 2026

\"Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz\" - RƏSMİ

Dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir. Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz.


Bu barədə Manset.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir:

“Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.

Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. “Büdcə sistemi haqqında” Qanunun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil”.

Qeyd edək ki, ötən gün Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında təhsil alan bir qrup tələbə onlardan ödəniş tələb olunduğunu, əks halda imtahana buraxılmayacaqlarını bildirmişdilər. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az