Bu gün "TV1" 2 yaşını qeyd edir.
Ötən iki il müddətində kanal bir sıra ciddi uğurlara imza atıb. Peşəkar heyət tərəfindən hazırlanan proqramlarda ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr kanalın efirində işıqlandırılıb.
“TV1” kanalında müxtəlif proqramlarda çıxış edən ölkənin tanınan ictimai-siyasi xadimləri, alimlər, ziyalılar, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri cəmiyyətin həyatındakı aktual mövzularla bağlı peşəkar təhlillər aparıblar. Kanalda Macarıstan, Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya və İsraildən canlı bağlantılarla tanınan ekspertlər, siyasətçilər beynəlxalq məsələlərlə bağlı operativ çıxış ediblər.
“TV1” kanalı ötən 2 il ərzində beynəlxalq əlaqələrini də genişləndirib. Belə ki, qısa müddətdə Qazaxıstanın bir sıra aparıcı mərkəzi və regional telekanalları ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, kanalın rəhbəri Əməkdar jurnalist, uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsində işləmiş Faiq Hüsiyevdir.
Hazırda “TV1” kanalı bütün sosial media platformalarında uğurla təmsil olunur.
Həmçinin KATV1, City Net, Connect TV, Aztelecom, Ailə TV , TV Net və digər kabel şəbəkələrində də yayımlanır.
Manset.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!