Astanada
səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə
heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində bu ölkənin turizm şirkətlərinin
nümayəndələri ilə görüş keçirib.
Manset.az xəbər verir ki, görüşdə
Azərbaycanın turizm, o cümlədən sağlamlıq turizmi sahəsində imkanları barədə ətraflı
məlumat verilib.
Qazaxıstanın
turizm şirkətlərinin nümayəndələrinə həmçinin AHİK-in sağlamlıq mərkəzləri,
burada müalicə və istirahət üçün yaradılmış əlverişli şərait, müasir tibbi
avadanlıqlar, tibbi xidmətlər və təbii müalicə üsulları haqqında təqdimat
keçirilib.
İştirakçılar
AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzi, yollayışların elektron təqdimatı və
“e-ahik” Elektron Rezervasiya platforması barədə də məlumatlandırılıb.
Bununla
yanaşı, görüşdə Azərbaycanın turizm, eləcə də sağlamlıq turizmi potensialını və
AHİK-in sağlamlıq mərkəzlərinin fəaliyyətini əks etdirən videomateriallar
nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Görüş
zamanı ölkəmizin turizm imkanlarının Qazaxıstanda daha geniş tanıdılması,
turizm şirkətləri ilə əlaqələrin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.