Qırmızı Ürəklər Fondu 4 oktyabr – Ümumdünya Heyvanları Müdafiə Günü
ərəfəsində “Pəncəli Ürəklər” sosial aksiyasına başlayır. 21 oktyabr tarixinədək
davam edəcək aksiya çərçivəsində hər kəs sahibsiz heyvanlara dəstək
olmaq üçün ianə edə bilər.
“Pəncəli Ürəklər” aksiyasının əsas məqsədi cəmiyyətdə
heyvanlara qarşı qayğı və məsuliyyət hissini gücləndirmək, sahibsiz heyvanlara
qarşı diqqəti artırmaqdır. Layihə vasitəsilə vətəndaşlar küçə heyvanlarının həyat
şəraitinin yaxşılaşdırılmasına birbaşa töhfə vermək imkanı əldə edirlər.
Aksiyaya qoşulmaq və daha çox heyvana kömək etmək
istəyən hər kəs vizualda yerləşdirilən QR kodu
oxutmaqla, eləcə də Birbank və m10 mobil tətbiqlərindən, Birbank/Kapital
Bank terminallarından Qırmızı Ürəklər Fonduna ianə edə bilərlər. Toplanan vəsaitlər
sahibsiz heyvanların qida və digər ehtiyaclarının qarşılanması üçün istifadə
ediləcək.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə
Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə
başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.