ABŞ senatorları və konqresmenlərinin oktyabrın 5-də dövlət katibi Marko Rubioya Azərbaycanla bağlı ünvanladığı müraciət ölkədə müzakirələrə səbəb olub.
Manset.az xəbər verir ki, məsələ ilə bağlı münasibət bildirən Milli Məclisin deputatı Azay Quliyev məktubun qərəzli olduğunu vurğulayaraq, regionda əldə olunan razılaşmalara və mövcud siyasi reallıqlara diqqət çəkib:
“Oktyabrın 5-də bir qrup ABŞ senatorunun və konqresmeninin dövlət katibi Marko Rubionun adına Azərbaycanla bağlı müraciəti olmuşdu.
O ərəfədə xarici səfərdə olduğuma görə ABŞ-dan olan həmkarlarımın məktubuna indi münasibət bildirməyi vacib hesab edirəm.
Açığı, məktubla tanışlıq bir tərəfdən təəccüb doğurur, digər tərəfdən isə ABŞ qanunvericilərinin regionda baş verən proseslərdən nə dərəcədə xəbərsiz olduqlarını göstərir.
Bu müraciət ona görə təəccüb doğurur ki, onların da etiraf etdiyi kimi, 2025-ci ilin avqustunda Vaşinqtonda tarixi zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və ABŞ Prezidentinin imzası ilə Üçtərəfli Bəyannamə imzalandı, sülh sazişinin mətni paraflandı, ATƏT-in Minsk qrupunun və ona aid olan strukturların ləğvi ilə bağlı birgə müraciət qəbul edildi, 907-ci düzəlişin icrasını dayandıran ABŞ Prezidenti Donald Trampın fərmanı imzalandı. Nəticədə, Azərbaycanla Ermənistan arasında de-fakto sülh təsis edildi.
Nəhayət, bu ilin fevralında Azərbaycanla ABŞ arasında Bakıda strateji tərəfdaşlıq haqqında sənəd imzalandı.
Bütün bu sənədlər və əldə olunan razılaşmalar özlüyündə tarixi nailiyyətlərdir.
Lakin təəssüflər olsun ki, ABŞ qanunvericiləri mövcud reallıqların heç birini nəzərə almadan Azərbaycana qarşı belə qərəzli və əsassız məktubu imzalayaraq dövlət katibinə müraciət ünvanlayıblar.
Bu müraciətdə bir məqam xüsusilə diqqəti cəlb edir, ona imza atan həmkarlarımız bəlkə də fərqinə varmadan özləri-özlərini təkzib ediblər. Məsələn, müraciətdə bir tərəfdən Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya komissiyasının yaradıldığı, uğurla fəaliyyət göstərdiyi və bu fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanır, digər tərəfdən isə guya Azərbaycanın hərbi qüvvələrinin Ermənistan ərazisində yerləşdiyi iddia olunur.
Onda sual yaranır: Komissiyanın işinə niyə müdaxilə edirsiniz? Sərhədin haradan keçdiyini siz necə müəyyən edə bilərsiniz? CivilNet-in erməni əməkdaşı Hayk Hovanesyanın sözlərinə əsaslanaraq Azərbaycanı necə ittiham edə bilərsiniz?
Eyni cür bəsit yanaşma müharibə cinayətləri törətmiş şəxslərlə bağlı məsələdə də özünü göstərir. Başqa ölkələrdə müharibə cinayətləri törətmiş şəxslərin həbs olunaraq cəzalandırılmasına daim çağırış edən senatorlar və konqresmenlər niyə Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törətmiş, Gəncənin, Tərtərin və Bərdənin dinc sakinlərinin ballistik raketlərlə bombalanması barədə əmr vermiş, nəticədə 400 günahsız mülki vətəndaşımızın ölümünə və ağır yaralanmasına səbəb olmuş Araik Harutyunyan kimi canilərin azadlığa buraxılmasını tələb edirlər?
Ermənistandan qovulmuş 300 min soydaşımızın geri qaytarılması və ya 30 il ərzində öz ev-eşiyindən zorla didərgin salınmış 700 min azərbaycanlının geri qayıtmaq hüququ haqqında bir dəfə də danışmayan ABŞ siyasətçiləri könüllü olaraq Qarabağı tərk etmiş ermənilərin dərhal geri qayıtmasına çağırış edirlər.
İşğal zamanı bütün maddi və mənəvi abidələrimizi yerlə-yeksan edən, Ermənistandakı minilliklərə söykənən tarixi yaddaşımızı tamamilə dəyişdirməyə çalışan Ermənistana irad tutmaq əvəzinə, Qarabağda guya dağıdılan erməni kilsələrinin müdafiəsinə qalxırlar. Halbuki Azərbaycan Ermənistandan fərqli olaraq nəinki erməni kilsələrini dağıtmayıb, əksinə, onları Bakıda və Şuşada qoruyub saxlayıb, hətta təmir etdirib.
Yaranmış ictimai-siyasi və geosiyasi reallıqlar fonunda 907-ci düzəlişin ləğvinin mümkünlüyü ilə bağlı ictimaiyyətdə yaranan kövrək ümidi heçə endirərək onun əbədi qüvvədə qalmasını tələb edirlər. Baxmayaraq ki, 907-ci düzəlişin qəbul edilməsi də tarixin ən böyük absurdlarından biri idi. Təcavüzə məruz qalan Azərbaycan ABŞ tərəfindən müdafiə olunmaq əvəzinə cəzalandırıldı.
Digər tərəfdən, Avropa Parlamentinin yersiz qətnaməsi də bu çağırışların bir hissəsini təkrarlamaqla Azərbaycan Prezidentinin söylədiyi bir həqiqəti bizə bir daha xatırlatdı: ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyimizi həzm edə bilməyənlər bizə qarşı bu cür çirkin siyasəti və kampaniyaları hər zaman davam etdirəcəklər. Bu çirkin siyasətin arxasında regionda əldə olunan sülhü zədələmək kimi məkrli plandan tutmuş, ölkəmizin qətiyyətli və müstəqil siyasətinin qarşısını almağa yönəlmiş digər məkrli niyyətlərə qədər müxtəlif məqsədlər dayanır.
Lakin onlar bir reallığı unudurlar.
Torpaqlarımız işğal altında olarkən bizi xalq və dövlət olaraq sındıra, yolumuzdan döndərə və azadlıq müharibəmizin qarşısını ala bilmədilərsə, indiki şəraitdə daha müstəqil, güclü və bütöv Azərbaycan qarşısında da heç nəyə nail ola bilməyəcəklər.
Çünki dövlət və xalq olaraq biz hər zaman birik və bu cür çağırışlara da tam hazırıq”.