logo
logo logo
logo

Azərbaycan-Kamboca əməkdaşlığında yeni mərhələ  

12:03 - 13 Oktyabr 2026

Azərbaycan-Kamboca əməkdaşlığında yeni mərhələ  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini, əməkdaşlığın yeni istiqamətlərini və beynəlxalq məsələlərə dair ortaq yanaşmaları əks etdirən mühüm siyasi mesajlarla zəngindir. Azərbaycan və Kamboca mövcud siyasi əlaqələri daha geniş iqtisadi, humanitar və institusional tərəfdaşlığa çevirməkdə maraqlıdır. Dövlət başçısının səsləndirdiyi fikirlər həm ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir, həm də Azərbaycanın Asiya və xüsusilə Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə verdiyi əhəmiyyəti nümayiş etdirir.

Azərbaycan ilə Kamboca arasında münasibətlərin mühüm istiqamətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və dəstəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində iki ölkə arasında fəal əməkdaşlıq mövcuddur. Bu platformalar dövlətlərə beynəlxalq gündəlikdə duran məsələlərə dair mövqelərini uzlaşdırmaq, qarşılıqlı maraqları müdafiə etmək və çoxtərəfli diplomatiyada iştiraklarını gücləndirmək imkanı yaradır.

Azərbaycanın xarici siyasətində beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət xüsusi yer tutur. Bu baxımdan müxtəlif beynəlxalq platformalarda tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi ölkəmizin xarici siyasət prioritetlərinin mühüm tərkib hissəsidir. Kamboca ilə siyasi dialoqun dərinləşdirilməsi də Azərbaycanın Asiya ölkələri ilə əlaqələrini şaxələndirmək və beynəlxalq münasibətlər sistemində qarşılıqlı faydalı tərəfdaşlıqları möhkəmləndirmək strategiyasına uyğundur.

Azərbaycan Kamboca ilə ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Ticarət əlaqələrinin genişləndirilməsi üçün əsas şərtlərdən biri biznes dairələri arasında birbaşa təmasların qurulması, qarşılıqlı bazarlar haqqında məlumatlılığın artırılması və konkret investisiya layihələrinin müəyyənləşdirilməsidir. Bu baxımdan Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu mühüm platforma rolunu oynayır. Forum sahibkarların qarşılıqlı əlaqələrini gücləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və birgə layihələrin həyata keçirilməsi üçün imkanları müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması isə iqtisadi münasibətlərin sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edir.

Azərbaycan-Kamboca münasibətlərinin inkişafında təhsil və humanitar əməkdaşlıq da mühüm yer tutur. Prezident İlham Əliyevin sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil almasına dair xatırlatması iki xalq arasında əlaqələrin müəyyən tarixi təmələ malik olduğunu göstərir. Həmin ənənənin bərpası və hər iki ölkədə qarşılıqlı təhsil imkanlarının yaradılması gələcək əməkdaşlığın insan kapitalı üzərində qurulmasına kömək edə bilər. Təhsil sahəsində tələbə mübadiləsi, universitetlər arasında əlaqələrin qurulması və birgə elmi təşəbbüslərin həyata keçirilməsi yalnız akademik əməkdaşlığın deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu cür təmaslar ölkələr haqqında məlumatlılığın artmasına, mədəni əlaqələrin genişlənməsinə və gələcəkdə yeni iqtisadi tərəfdaşlıqların formalaşmasına zəmin yaradır.

İki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı da siyasi dialoqun mühüm istiqamətlərindəndir. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi qanunvericilik orqanları arasında təmasların möhkəmləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır. Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu fakt Azərbaycanın Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin inkişafına verdiyi önəmi və regional əməkdaşlıq platformalarında iştirakını genişləndirmək istəyini nümayiş etdirir. Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin coğrafi və iqtisadi baxımdan şaxələndirilməsi, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün əlavə imkanlar açır.

Azərbaycan ilə Kambocanı birləşdirən amillərdən biri də sülh və təhlükəsizliyin inkişafın əsas şərti kimi qəbul edilməsidir. Beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına sadiqlik dövlətlər arasında etimadın möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün vacib zəmin yaradır.

Bütün bunlarla yanaşı, mina təhlükəsi, beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü kimi məsələlər üzrə ortaq yanaşmalar Azərbaycan–Kamboca münasibətlərinin yalnız iqtisadi maraqlara deyil, həm də qarşılıqlı anlaşma və beynəlxalq prinsiplərə hörmətə əsaslandığını göstərir. Mövcud imkanlardan səmərəli istifadə olunması və əldə edilmiş razılaşmaların konkret layihələrlə möhkəmləndirilməsi iki ölkə arasında uzunmüddətli, qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın inkişafına töhfə verə bilər.


Vasif Qafarov

Milli Məclisin deputatı, tarix elmləri doktoru


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az