Avropa Yenidənqurma və
İnkişaf Bankı (AYİB) tərəfindən AccessBank ilə tərəfdaşlıq çərçivəsində və
Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi
Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxili ticarət və ticarətin
maliyyələşdirilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə 70-ə yaxın
iştirakçı, o cümlədən AccessBank-ın 50-dən çox kiçik və orta biznes (KOB)
müştərisi, dövlət qurumlarının, biznes assosiasiyalarının və beynəlxalq
təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi
sahibkarların beynəlxalq ticarət üzrə biliklərini artırmaq, ticarətin
maliyyələşdirilməsi imkanları barədə məlumatlılıqlarını genişləndirmək və yerli
şirkətlərin xarici bazarlara çıxışını dəstəkləmək olub.
Tədbir çərçivəsində AYİB,
AccessBank, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Bank və Maliyyə
Tədris Mərkəzi (ABFTC) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika
Şirkətlərinin Assosiasiyasının (AGTL) nümayəndələrinin iştirakı ilə təqdimatlar
və interaktiv panel müzakirəsi keçirilib.
Müzakirələr zamanı ticarətin
maliyyələşdirilməsi alətləri, dövriyyə kapitalına çıxış, tənzimləyici
yeniliklər, gömrük və logistika prosesləri, eləcə də ixracatçı və idxalçı
şirkətlər üçün mövcud dəstək imkanları barədə ətraflı məlumat verilib.
İştirakçılar praktiki təcrübələrini bölüşüb, beynəlxalq ticarət əməliyyatları
ilə bağlı aktual məsələləri müzakirə edib və yeni işgüzar əlaqələrin qurulması
üçün imkan əldə ediblər.
Ticarətin Sürətləndirilməsi
Proqramı (TAP) AYİB və AccessBank arasında Ticarətin Maliyyələşdirilməsi
Proqramı (TFP) çərçivəsində həyata keçirilən əməkdaşlığın tərkib hissəsidir.
Proqram AccessBank-ın KOB müştərilərinin xarici və daxili ticarət və ticarətin
maliyyələşdirilməsi sahəsində biliklərinin artırılmasına, həmçinin beynəlxalq
ticarət əməliyyatlarında istifadə edə biləcəkləri maliyyə alətləri və dəstək
mexanizmləri barədə məlumatlandırılmasına yönəlib.