- Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində macar ifaçı Dalma Felszeginin təqdimatında konsert keçirilib.
Manset.az xəbər verir ki, konsertdə ADU rəhbərliyi,
Macarıstanın ölkəmizdəki səfirliyi, müəllim və tələbələr iştirak ediblər.
ADU-nun rektoru, akademik
Kamal Abdulla səfiri və qonaqları salamlayıb, tədbirin əhəmiyyəti haqqında
danışıb.
Qeyd olunub ki, Azərbaycan
və Macarıstan arasında uzun illərdi səmimi dostluq və tərəfdaşlıq münasibətləri
mövcuddur.
Bu münasibətlərin
inkişafında mədəniyyət və incəsənət sahəsində keçirilən tədbirlərin mühüm rol
oynadığını vurğulayan rektor belə görüşlərin xalqlar arasında qarşılıqlı
anlaşmanın və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Macarıstanın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman çıxışında Azərbaycan və
Macarıstan arasında mövcud olan dostluq münasibətlərinin əhəmiyyətini
vurğulayıb.
O, iki ölkə arasında mədəniyyət,
təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafının xalqların bir-birini
daha yaxından tanımasına və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət
etdiyini qeyd edib.
Səfir bu cür mədəni tədbirlərin
təşkilinin ölkələr arasında dostluq və qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi
baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir çərçivəsində macar
ifaçı Dalma Felszeginin təqdimatında Frans List və Bela Bartokun fortepiano əsərləri
səsləndirlib.
İfa olunan əsərlər macar
musiqi mədəniyyətinin zənginliyini və klassik musiqi ənənələrinin özünəməxsusluğunu
nümayiş etdirib. Dalma Felszeginin peşəkar ifası dinləyicilərin marağına səbəb
olub.
Konsert iştirakçılara dünya
klassik musiqisinin görkəmli nümayəndələrinin yaradıcılığı ilə yaxından tanış
olmaq, eyni zamanda Macarıstanın musiqi irsini daha dərindən kəşf etmək imkanı
yaradıb.
Tədbir Azərbaycan və
Macarıstan arasında mədəni əlaqələrin inkişafına, universitet mühitində beynəlxalq
mədəni əməkdaşlığın təşviqinə töhfə verib.