Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək.
Manset.az xəbər verir ki, "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib.
Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyədə olduğu qeyd olunub.
Belə ki, paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 63,5 min manatlıq xidmətin yalnız 33,4 faizi, Sumqayıt şəhərində 173,7 min manatlıq xidmətin 41,6 faizi, Bərdə rayonunda 319,6 min manatlıq xidmətin 29,5 faizi, Ağcabədi rayonunda 121,3 min manatlıq xidmətin 17,5 faizi, Tərtər rayonunda 255,2 min manatlıq xidmətin 24,6 faizi, Goranboy rayonunda isə 93,4 min manatlıq xidmətin 46 faizi ödənilib.
"Azəristiliktəchizat" ASC xəbərdarlıq edib ki, borclar ödənilmədiyi təqdirdə bəzi qazanxanaların fəaliyyəti dayandırıla bilər.
Bu istilik mövsümündə ümumilikdə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin xidmət göstərdiyi iqlim şəraiti nisbətən soyuq olan 18 rayonda istilik verilişinə noyabrın 1-dən başlanılıb.