“Aparılan ilkin araşdırmaya görə, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən Kərpic zavodunun ərazisindən atmosferə çıxan tüstü, qoxu normativlər çərçivəsindədir”.
Manset.az məlumat verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, zavodun yaxınlığında yaşayan sakinlərin şikayəti əsasında araşdırma aparılıb:
“Müvafiq ölçmə cihazlarının göstəricilərinə görə, ərazidə atmosferə çıxan tüstü ətraf mühit üçün yolverilən hədd daxilində olub və pozuntu aşkar edilməyib. Ehtiyac olarsa, ərazidə ölçmə cihazları vasitəsilə yenidən araşdırma aparıla bilər”.
O qeyd edib ki, ölçmə işləri aparan zaman küləyin səmtindən, müəyyən parametrlərdən asılı olaraq dəyişkənlik ola bilər:
“Bu məsələ təkrarlanarsa, yenidən araşdırma aparılacaq. İlkin araşdırmaya görə, ərazidən atmosferə çıxan tüstü, qoxu normativlər çərçivəsindədir. Atmosfer havasının mühafizəsi haqqında qanuna görə, açılan hər bir müəssisəyə nazirlik tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarını təyin edən xüsusi icazə sənədi verilir.
Təbii ki, hər bir müəssisə fəaliyyət göstərən zaman atmosferə də müəyyən miqdarda təsir göstərir. Bunun üçün müəssisələr qanunvericiliyin tələblərinə əməl etməli, filtrlər quraşdırmalı və atmosfer havasına atılan zərərli maddələrin dəqiq hesabatını aparılmalıdır.
Çünki hesabata uyğun olaraq, onların fəaliyyətləri qiymətləndirilir. Bununla bağlı məsələlər daim nəzarətdə saxlanılır”.
“Belə müəssisələr insanların yaşadığı ərazidən kənarda olmalıdır. Vətəndaşların bizə müraciəti də vacibdir və biz daim hər bir şikayəti araşdırırıq. Təbii ki, fakt təsdiqin taparsa, müəssisə cərimələnir, bu hal davamlı olarsa, mövcud qanunvericilik çərçivəsində müvafiq orqanlara müraciət olunaraq onun fəaliyyətinin dayandırılması məsələsi qaldırıla bilər”, - deyə xidmət rəisi qeyd edib.
Qeyd edək ki, ötən gün vətəndaşlar Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən kərpic zavodunun havanı çirkləndirməsinə dair görüntülər yaymışdılar.