Dünyanın nəzər-diqqəti Ukraynaya yönəlib. Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi, yaşanan insanlıq faciəsi 21-ci əsrin elan olunmamış müharibəsini – Covid-19-u da yaddan çıxarıb. Əslində sözün məcazi mənasında Ukrayna hadisələri qlobal mənada xeyli xeyli maskaların cırılmasına səbəb oldu, bu barədə bir az sonra...
Azərbaycan da həyəcanla izləyir dost Ukraynada yaşananları. Təkcə ona görə yox ki, bu ölkə Qarabağın işğalda olduğu dönəmdə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Baş verənlər beynəlxalq hüquqa ziddir, insanlığa qarşıdır, müharibə cinayətidir, Azərbaycan özü yaşayıb bu taleni, ukraynları çox yaxşı başa düşür. Biz bir xalq və dövlət olaraq hər zaman ədalətin yanında olmuşuq, ədalətsizliklərlə üzləşsək də, yenə də haqqın yanındayıq. Necə ki, Ukrayna dövlətinin ilk razılıq etdiyi beşliyin içərisində Azərbaycan dövləti, onun Prezidenti, Rusiya ilə danışıqlar aparılması üçün təklif etdiyi paytaxtların sırasında Azərbaycan paytaxtının adı var! Prezident Zelenski bu mövqeyi, təşəkkürü və etimadı hələ Qərbə, Avropaməkana xitabən umu-küsü etdiyi, “bizi tək qoydunuz” dediyi günlərdə ifadə etmişdi. Azərbaycan Rusiya kimi təhlükəli qonşusunun hər hansı hesablanması mümkün olmayan davranışlarına rəğmən, Ukraynanın yanında oldu, ilk humanitar dəstək göstərənlərdən biri olaraq DAR GÜNÜN DÖVLƏTİ kimi özünü bir daha sübuta yetirdi!
İllər boyunca Azərbaycan dövləti cənub qonşusuna qarşı planların pozulmasında cəsarətli mövqe sərgiləmişdi, rəsmi Bakı “Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacaq”, mövqeyini qətiyyətlə bəyan etmişdi. Amma bunun qarşılığında ədalətli mövqe görmədik, Azərbaycan özünü təhlükəyə atdığı halda, onun cənub qonşusu 44 günlük müharibədə - ondan əvvəlki illərdə və sonrakı dönəmlərdə - hər vasitəyə əl atdı ki, Şuşada “təmir etdiyi” (!) Yuxarı Gövhərağ məscidi erməni əsarətində qalsın. Ancaq biz bütün bunlara rəğmən yenə humanist davrandıq, oldu, keçdi, dedik...
İllər öncə Rusiya Qərb sanksiyalarına məruz qaldığı zaman da Azərbaycan şimal qonşusuna qarşı namərdcəsinə davranmadı, hətta rusların kənd təsərrüfatı məhsulları ilə fasiləsiz təmin olunmasından ötrü əlindən gələni etdi, qonşu olaraq dəstəyini verdi. Əvəzində nə gördük? 2020-ci ilin yayında Ermənistan Tovuz istiqamətindən hücuma keçəndən sonra şimal qonşumuz bu ölkəyə davamlı şəkildə silah-sursat göndərdi, hətta dövlət başçımız sərt şəkildə etirazını bildirdi. 44 günlük müharibədə Rusiyanın nisbətən neytral qalmasının da əsas səbəbi Türkiyə faktoru oldu, əks halda, bizi nələr gözləyə bilərdi...Azərbaycanın şəhər və kəndlərinə atılan raketlərin hara istehsalı olduğu da bəllidir. Və İskəndər-M raketinin sirri bu günədək açılmayıb.
Bunlar yaxın qonşuların “etibarı”. Amma uzaq ölkələrin, beynəlxalq təsisatların davranışlarını da unutmamışıq. Ukraynanın işğalına əvvəlcə seyrçi qalan beynəlxalq birlik az sonra hərəkətə keçdi, vahid komanda ilə. Təbii ki, alqışlanmalıdır! Ukrayna həm də yüz minlərlə azərbaycanlının yaşadığı bir məmləkətdir, təəssüf ki, soydaşlarımız arasında da itkilər var. Bu gün saysız-hesabsız insanlar var ki, kömək gözləyirlər, ac-susuz, soyuq zirzəmilərdə, qar-yağışın altında küçələrdə, azərbaycanlılar daxil...Bu qanın, ədalətsiz müharibənin dərhal dayandırılması üçün atılan hər bir addım təqdir olunmalıdır. Bir körpənin göz yaşına dəyməz qəsb olunan şəhərlər. Amma...
Axı, biz bu dəhşətləri 30 ildən çox müddətdə yaşadıq. Bəs, hardaydı Avropa, Amerika?! Ukraynanın ərazi bütövlüyünü bərpası üçün ABŞ Rusiya kimi nəhəngə meydan oxuyur. Alqışlayırıq bu prinsipiallığı. Bəs, o halda 1992-ci ildə Azərbaycan ordusu Ağdərəni azad edəndən sonra ABŞ Konqresi niyə Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktına 907-ci əlavə” adlı sanksiya paketi (!) qəbul etdi?! Axı, niyə? Bəlkə Azərbaycan 1992-ci ilin 2 martında BMT-yə Ağdərəsiz daxil olmuşdu? Və bu günədək həmin qətnamə ləğv edilməyib, “soyuducuya qoyulub”, yəni “dondurulub”. Ədalət budurmu?
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tam haqlı olaraq Avropa Birliyini ikili standartlar sərgilməsinə görə ittiham etdi. “Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı lütfən Türkiyəyə də göstərin. Yoxsa kimlərsə Türkiyəyə qarşı müharibəyə başlayıb hücum etsə, Türkiyəni də gündəmə gətirəcəksiniz?”, deyir. Bəlkə haqlı deyil?! Türkiyə illərdir ki, terrordan əziyyət çəkir, Qərb dəstək əvəzinə, ona təzyiqlər göstərir, hətta bütün cəbhələrdə terrorçulara yardım edilir, təki Türkiyə sarsılsın. Türkiyə 4 milyon qaçqını təkbaşına yedirir, amma Avropa Birliyi onu qapının arxasında gözlədir, maliyyə dəstəyi verməkdən ötrü qarşısına “şərtlər” (!) qoyur. Bütün bunlara baxmayaraq, Türkiyə KİŞİ DÖVLƏT olduğunu növbəti dəfə nümayiş etdirməkdədir, Ukraynanın rus işğalına qarşı duruş gətirməsinin başlıca səbəbkarı “BAYRAQDAR”lardır. Qərb hələ savaşa tamaşa etdiyi günlərdə Türkiyənin dəstəyi nəticəsində Ukrayna işğalçıya sarsıdıcı zərbələr vurmağı bacardı, əks halda nələr baş verəcəkdi...
Qarabağ məsələsində ABŞ, Fransa və Rusiya hər zaman eyni mövqeni sərgilədi, unutmamışıq! Bu ölkələr Gürcüstan, Moldova və Ukrayna separatçılarına Qarabağ separatçılarından fərqli mövqe sərgilədilər hər zaman. Elə bu gün də mövqeləri dəyişməyib. Qərb platformaları Ukraynanın işğalını tirajlayan Semyon Peqova belə, sanksiya tətbiq edib, WarGonzo”nu bloklayıb. Amma həmin bu, nadürüst Peqov Qarabağda meydan sulayanda, Azərbaycana qarşı cinayətləri həvəslə yayanda dünyadan ədalətli qərar görmədik. Baxmayaraq ki, Azərbaycan dövləti ona qarşı cinayət işi qaldırıb. Eləcə Azərbaycana qarşı cinayətlər törətmiş digər canilərə münasibətdə eyni prinsipiallıq görmədik, görmürük!
Amma bütün bunlara, üzləşdiyimiz ədalətsizliklərə baxmayaraq, dövlət və millət olaraq haqqın yanındayıq. Hesab edirik ki, Ukrayna cəbhəsi bizimçün həm də Qarabağ cəbhəsidir. Dünya nəhayət, ədalətli davranacaqsa, günahsız insanların qətlinə fərman verənlər, bunu icra edənlər layiqli cəzalarını alacaqlarsa, o halda tezliklə Haaqa Tribunalında Köçəryan, Sərkisyan, Arutyunyan kimi müharibə cinayətləri törətmiş canilərin də dayanacağına ümid edirik. İnanmırıq, amma ümid edirik ki, dünya birliyi nəhayət, səhvini başa düşəcək. Putinə qarşı Haaqa Məhkəməsinə şikayət ünvanlayan 38 dövlətdən birinin də Gəncəni bombardman edən erməni canilərinə qarşı iddia qaldırmasını gözləyirik...Heç olmasa, Bakıdakı erməni terrorçularının azad edilməsi (!) məsələsində sussunlar. Ayıbdır!
Elşad Paşasoy,
Musavat.com