BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif sabah Azərbaycana səfər edəcək.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən Manset.az-a verilən məlumata görə, səfərin məqsədi ölkədə inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhər inkişafını təşviq etmək, habelə icraçı direktorun təmsil etdiyi BMT agentliyi ilə əlaqələri möhkəmləndirməkdir.
Məlumatda bildirilir ki, BMT rəsmisinin səfəri ənənəvi idman növlərinin dirçəldilməsinə həsr olunmuş V Etnosport Forumuna təsadüf edir.
“Üçgünlük səfəri çərçivəsində xanım Maimuna Mohd Şərif Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və digər hökumət rəsmiləri ilə ikitərəfli danışıqlar aparacaq.
UN-HABITAT-ın icraçı direktoru, həmçinin Ağdam şəhərinə səfər edəcək və burada Azərbaycan hökumətinin şəhərsalma üzrə apardığı yenidənqurma işləri ilə tanış olacaq”, -məlumatda qeyd olunur.