Bu gün “İdman Həftəsi” çərçivəsində Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirilib.
Manşet.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Zemfira Meftəhəddinova, ADBTİA-nın rektoru Fuad Hacıyev iştirak ediblər.
Nazir Fərid Qayıbov idman ictimaiyyəti nümayəndələrini 5 – Mart Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində salamlayıb və görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, Tokio Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin və nəticələrinin təhlili ilə bağlı hesabat təqdim edilib, 2024-cü ildə Parisdə keçiriləcək Yay olimpiya oyunlarına hazırlıq planları ilə bağlı sorğunun nəticələri açıqlanıb.
Tədbirdə, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, gənclər və idman naziri Fərid Qayıbov ötən il uğur qazanmış bir qrup idmançıya yeni mənzillərin orderlərini təqdim edib.