“Hansı ölkədə Prezident idmançılara belə qiymət verir?” - Nazir

13:34 - 18 Mart 2022

“Hansı ölkədə Prezident idmançılara belə qiymət verir?” - Nazir

“Biz düşündük ki, yeni, müasir loqoya ehtiyac var”.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, nazirliyin yeni loqosunun təqdimat mərasimindən sonra jurnalistlər üçün brifinq keçirib: “Bununla bağlı elan verməyi qərara aldıq və 100-dən artıq loqo təklifi gəldi. Sonda da bu gün təqdim etdiyimiz loqo üzərində dayandıq. Düşünürəm ki, bu loqo müasir tələblərə cavab verir”.

Nazir 23 yaşadək güləşçilərin Avropa çempionatında qazandığı uğura toxunub və Azərbaycan prezidenti İlham Əliyevlə yığmanın görüşü barədə də danışıb: “Siz mənə deyin, hansı ölkədə prezident idmançılara belə qiymət verir? Təbii ki, böyük stimuldur. Gənc güləşçilərimiz Avropa çempionatında qalib gəldilər. İlk dəfədir sərbəst güləşçilərimiz komanda hesabında birinci olub. Ümumilikdə medal sıralamasında da birinci yeri tutduq. Cənab Prezident idmançılarımızı qəbul etdi. Həm gənclər, həm idmançılar üçün yaxşı mesajlar verdi. Təbii ki, bu təkcə güləşçilər deyil, bütün idmançılar üçün stimuldur. Bütün idmançılarımız o qayğını hiss etdilər. Ümumiyyətlə, Azərbaycanda bu qayğı - həm olimpiya oyunları, həm də dünya və Avropa çempionatlarından sonra həmişə olub. Ölkə başçısının bu idman yarışlarını izləməsi, qayğısını göstərməsindən artıq idmançılar üçün nə stimul ola bilər?”.

Qayıbov Rusiya, Belarus və Ukrayna idmançılarının yarışlarda iştirak etməməsinin təmsilçilərimizə üstünlük qazandırmasına da münasibət bildirib: “Bəzən bizim idmançılar yarışlardan qayıdanda bəzilərimiz axtarmağa başlayırıq ki, hansı səbəblər, neçə ölkə var idi, kimlər gəlməmişdi, güclülər var idi və ya yox idi. Kimlərin iştirak etməsindən asılı olmayaraq, medalımızı qazanmışıq. Bu, Avropa çempionatı idi, komandamız qalibiyyət əldə etdi. İnanıram ki, gələcəkdə də bu qələbələr davam edəcək. Qızıl medal qazanmaq çətindir, onu qorumaq isə daha çətindir. Qələbələrimiz irəlidədir. İnanıram ki, güləşçilərimiz bu yerə layiq olduğunu sübut edəcəklər”.

Nazir federasiyalardakı rəhbər dəyişiklikləri prosesinin başa çatıb-çatmadığına və bazası olan otüstü hokkey idman növünün taleyinə də münasibət bildirib: “Federasiyalar ictimai birliklərdir. Onların fəaliyyətləri də müstəqildir. Sadəcə nazirlik olaraq idman siyasətinə əsasən görüşlər keçirib, hansı istiqamətdə bərabər çalışacağımızla bağlı məlumat veririk. Otüstü hokkeyə gəlincə, Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarına əsasən onların fəaliyyəti ləğv olunub. Biz hazırda elə bir federasiya tanımırıq. Əgər yeni federasiya yaranarsa, müvafiq sənədləri icra orqanlarından keçdikdən sonra biz yenidən attestasiyaya baxa bilərik”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az