Goranboy rayon Səmədabad kənd tam orta məktəbin Arəstə Baxışova adına birinci sinif şagirdləri və məktəbin bir qrup müəllim heyəti İkinci Qarabağ müharibəsi şəhidinin ailəsini ziyarət ediblər.
Manset.az-ın məlumatına görə, vətənpərvərlik ruhunun aşılanmasını qarşısına məqsəd qoyan Goranboy rayon Səmədabad kənd tam orta məktəbin rəhbərliyi məhz bu məqsədlə məktəbin birinci sinfinə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan yeganə qadın şəhidimiz Arəstə Baxışovanın adını verib.
Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxaran Arəstə Baxışovanın xatirəsi ehtiramla anılıb.
Şəhidin anası Məktubə Baxışova onun həyatından, tələbəlik illərindən, keçdiyi döyüş yolundan, vətənə olan dərin məhəbbətindən bəhs edib, şəhid haqqında şagirdləri maraqlandıran sualları cavablandırıb.
Həmin sinfin şagirdləri bu adı doğrultmağı özlərinə bir vəzifə və mənəvi borc kimi qiymətləndiriblər.
Şəhidin Biləcəri qəsəbəsi Şəhidlər xiyabanındakı məzarı da ziyarət edilib.
Gülçin Nağıyeva