Venesuela hökuməti Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Müvəkkili Ofisinin ölkədəki fəaliyyətini dayandırdığını açıqlayıb və BMT-nin 13 əməkdaşından 72 saat ərzində ölkəni tərk etmələrini tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Venesuela xarici işlər naziri Yvan Gil mətbuat konfransında verdiyi açıqlamada səbəb kimi Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Müvəkkili Ofisinin "tərəfsiz” olmadığını əsas gətirib.
Gil BMT-nin Venesuelada "məqsədinə uyğun hərəkət etmədiyini" iddia edib.
O, 30 gün ərzində 2019-cu ildən bəri Karakasda fəaliyyət göstərən BMT ofisi ilə bütün əməkdaşlıq kanallarını nəzərdən keçirəcəklərini bildirib.
Gil ölkəyə qarşı planlaşdırılan “sui-qəsd” və “çevriliş cəhdləri”ndə ofisin özəl hüquq firması kimi fəaliyyət göstərdiyini vurğulayaraq, “Bu idarəyə təyin olunan kadrlar; müstəmləkəçilər, istismarçılar və BMT nizamnaməsini pozanlardır. Biz tələb edirik ki, bu kadrlar 72 saat ərzində ölkəni tərk etsinlər və öz əməllərini beynəlxalq ictimaiyyətə bəyan etsinlər” deyib.
Venesuelanın baş prokuroru Tarek Villiam Saab dünən verdiyi açıqlamada, prezident Nikolas Maduroya qarşı "tələ qurmaq və sui-qəsd" planında iştirak etdikləri iddia edilən 19 nəfərin saxlanıldığını açıqlayıb.
Əfsanə Rəcəb
Manşet.az