İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya humanitar yardımların keçidinə icazə verilməsi qərarından sonra diqqətçəkən açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünən axşam keçirilən Nazirlər Kabineti iclasında çıxış edən Netanyahu Qəzza zolağının tamamilə işğal ediləcəyini bəyan edib.
Sosial şəbəkələrdə yayımlanan videoda Netanyahu Qəzzaya humanitar yardımın çatdırılmasına qarşı çıxan nazirlərin tənqidlərinə cavab verərək bildirib ki, bu yardımlara icazə verilməsi beynəlxalq təzyiqlərin nəticəsidir.
"Qəzza zolağının hamısını ələ keçirəcəyik. Qırmızı xəttə yaxınlaşdığımız üçün yardımların keçidinə icazə veririk", – deyə Netanyahu vurğulayıb.
İsrailin humanitar yardımların qarşısını almaqla bölgədə böyük fəlakətə səbəb olduğunu etiraf edən Netanyahu bildirib: “Acından ölmək nöqtəsinə gəlməməliyik. Əgər bu nöqtəyə gəlsək, heç bir dəstək görməyəcəyik.”
O, yardımların HƏMAS-ın əlinə keçdiyini iddia edərək bu səbəbdən yardım axınının dayandırıldığını bildirib.
Baş nazir əlavə edib ki, ABŞ ilə birgə fərqli bir mexanizm üzərində razılığa gəliblər. Yeni sistemə əsasən, yaradılacaq paylama məntəqələrində İsrail ordusu təhlükəsizliyi təmin edəcək, ABŞ şirkətləri isə yardımların bölgəyə çatdırılmasında iştirak edəcək.
Netanyahu bu məntəqələrin qurulmasının vaxt tələb etdiyini, bu səbəbdən mayın 24-dək yardımların əvvəlki qaydada paylanacağını açıqlayıb. O həmçinin qeyd edib ki, həmin dövr ərzində İsrail ordusu yardım məntəqələrinə “nəzarət alacaq”.
Netanyahu beynəlxalq ictimaiyyətin təzyiqlərinə də toxunub: “Qırmızı xəttə yaxınlaşırıq, nəzarəti itiririk və sonra hər şey dağılacaq. ABŞ-dan dostlarımız – İsrailin sadiq tərəfdarları olan senatorlar – mənim yanıma gəlib bildirdilər ki, qələbə üçün əllərindən gələni edəcəklər. Lakin bizim dözə bilməyəcəyimiz bir şey var – bu da bəzi hadisələrin dünya ictimaiyyətində yaratdığı narazılıqdır.”
Baş nazir sonda qeyd edib ki, yeni mexanizm işə düşənədək Qəzzaya əsas miqdarda qida və dərmanların daxil olmasına icazə veriləcək.