Böyük Britaniya hökuməti "Çelsi" futbol klubunun keçmiş sahibi Roman Abramoviçi məhkəməyə verməyə hazırlaşır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb klubun satışından əldə olunan 2,5 milyard funt sterlinq məbləğində vəsaitin Ukraynaya yönəldilməsinə əmin olmaq istəyidir.
Qeyd edək ki, klubun satışından sonra əldə edilən gəlir Böyük Britaniyada bank hesabında dondurulub. Roman Abramoviç isə Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra sanksiyalara məruz qalan şəxslər siyahısına salınıb.
Rəsmi London bu vəsaitin Ukraynaya humanitar yardım məqsədilə göndərilməsini istəyir.
Məsələ ilə bağlı açıqlama verən Böyük Britaniyanın kansleri Reyçel Rivz və xarici işlər naziri Devid Lammi birgə bəyanatla çıxış ediblər. Onlar bildiriblər ki, danışıqlar üçün qapı açıq qalsa da, lazım gəldiyi halda məsələni məhkəmə yolu ilə həll etməyə hazırdırlar.