Yay ayları gəldikdə, insanlar isti havadan qorunmaq üçün dənizlərə üz tuturlar.
Çimərliklərin sakit görüntüsünün arxasında, bəzi anlarda faciələr gizlənir. Hər il onlarla insan dənizdə həyatını itirir. Son günlərdə də dənizdə boğulanların sayında artım müşahidə olunur. Bu faciələrin əsas səbəbləri nələrdir? Onlardan necə qoruna bilərik?
Mövzu ilə bağlı Manset.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərliyə gedərkən təhlükəsizlik məsələsi ön planda olmalıdır:
"İlk növbədə hava şəraiti nəzərə alınmalıdır. Yəni, küləyin sürəti saniyədə 10-12 metrə çatarsa və ya hava qeyri-sabit olarsa, çimərliyə getməmək lazımdır. Həmçinin, günün qaranlıq saatlarında da çimərliyə getmək məsləhət deyil. Ən əsası, yalnız fəaliyyətinə icazə verilən çimərliklərə getmək vacibdir. Yəni, qeyri-qanuni ərazilərdə çimərliklərə getmək qətiyyən yolverilməzdir.
Qeyri-qanuni çimərliklər dedikdə, bu həm dəniz sahillərini, həm də su anbarlarını, kanalları, çayları, gölləri və su hövzələrini əhatə edir. Belə ərazilərdə fəaliyyət göstərmək təhlükəli ola bilər, çünki burada suyun altı, su axınları, suyun kimyəvi və fiziki xassələri, sanitar normalarına dair heç bir nəzarət yoxdur. Fəaliyyətinə icazə verilən çimərliklər isə müvafiq qurumlar tərəfindən yoxlanılır, təhlil edilir və sonra istifadəçilər üçün açılır. Bu cür çimərliklərdə su altı reliefi, akvatoriya və digər parametrlər qiymətləndirilir. Ən əsası isə, xilasetmə xidməti bu ərazilərdə fəaliyyət göstərir".
Ekspert qeyd edib ki, əgər fəaliyyətinə icazə verilən çimərliklərdə yox, qeyri-qanuni ərazilərdə çimərlik olsa, burada təhlükə riski çox yüksəkdir:
"Ona görə də, valideynlər uşaqlarına çimərlik qaydalarına riayət etməyi aşılamalıdır və onları nəzarətsiz buraxmamalıdırlar.
Həmçinin, çimərlikdə sərhədləri aşmamaq, suya spirtli içkilərlə girməmək, lüzumsuz hərəkətlərdən çəkinmək, dəmir konstruksiyaların və ya daşların üzərində çıxaraq təhlükəli vəziyyətlər yaratmamaq vacibdir. Çimərlikləri bir yarış meydançasına çevirmək də qətiyyən düzgün deyil.
Hər il dünyada 400 minə yaxın insan suda boğulma nəticəsində həyatını itirir və bu hadisələrin 98%-i nəzarətsiz çimərliklərdə baş verir. Belə ərazilərdə təhlükə riski çox yüksəkdir. Bizim ölkəmizdə isə Fövqəladə Hallar Nazirliyinin nəzarətində olan çimərliklərdə hər il yüzlərlə boğulma riski olan şəxs xilas edilir. Bu çimərliklərdə isə rəsmi statistikaya əsasən, heç bir boğulma halı qeydə alınmayıb.
Beləliklə, hər kəs yalnız fəaliyyətinə icazə verilən çimərliklərə gedərək təhlükəsizliyi təmin etməli, xilasetmə xidmətinin olduğu əraziləri seçməlidir".
Seyranə Quliyeva