"Rusiya ordusu təkcə bu həftə ərzində Ukrayna ərazisinə 1300-dən çox zərbə dronu, təxminən 1050 idarə olunan aviasiya bombası (KAB) və 29 müxtəlif tipli raket atıb".
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
Dövlət başçısı bildirib ki, ötən gecə ərzində düşmən tərəfindən 200-dən çox zərbə dronu tətbiq edilib. Hücumların hədəfində Sumı, Xarkov, Dnepropetrovsk, Zaporojye, Xmelnitski və Odessa vilayətləri olub:
"Hücumlar nəticəsində onlarla insan, o cümlədən bir uşaq xəsarət alıb. Hazırkı məlumata görə, iki nəfər həlak olub. Onların doğmalarına və yaxınlarına başsağlığı verirəm".
Zelenski qeyd edib ki, ölkənin enerji sistemində vəziyyət mürəkkəb olaraq qalır, lakin fəsadların ən qısa zamanda aradan qaldırılması üçün bütün zəruri addımlar atılır:
"Rusiya zərbələrindən sonra enerjinin bərpası üçün gecə-gündüz çalışan bütün insanlarımıza, təmir briqadalarına təşəkkür edirəm. Çətin hava şəraitində hər bir şəhərdə, hər bir icmada işığı, istiliyi və su təchizatını geri qaytarırsınız. Bu, olduqca ağır işdir, lakin məhz bu fədakarlıq ölkəmizə daxili dözümlülük qazandırır və diplomatiyadakı mövqelərimizi dəstəkləyir".
Ukrayna lideri vurğulayıb ki, bu statistik göstəricilər Ukraynanın müdafiəyə, ilk növbədə Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün daha çox raketə ehtiyacı olduğunu sübut edir:
"Əgər Rusiya diplomatik prosesi qəsdən uzadırsa, dünyanın reaksiyası qəti olmalıdır: Ukraynaya daha çox yardım və təcavüzkara daha çox təzyiq edilməlidir. Bizimlə olan, həyatı qorumağa, Ukraynanı gücləndirməyə və təhlükəsizliyi birlikdə bərpa etməyə hazır olan bütün tərəfdaşlarımıza təşəkkür edirəm".