Böyük Britaniya hökuməti ekstremal hava hadisələri, kiberhücumlar və dövlət mənşəli təhlükəsizlik təhdidlərinə qarşı vətəndaşlara ən azı üç gün kifayət edəcək qədər ərzaq və içməli su ehtiyatı toplamağı tövsiyə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hökumətin başlatdığı “Be Ready” (“Hazır ol”) kampaniyası çərçivəsində ev təsərrüfatlarının təbii fəlakətlərə, kiberhücumlara və həyati əhəmiyyətli infrastrukturda baş verə biləcək fasilələrə qarşı hazırlıqlı olması hədəflənir.
Kampaniya çərçivəsində vətəndaşlara hər bir şəxs üçün gündəlik üç litr olmaqla, üç günə hesablanmış ümumilikdə doqquz litr içməli su, uzun müddət saxlanıla bilən ərzaq məhsulları, ilk yardım ləvazimatları, əl fənəri, ədyal, nağd pul və batareya ilə işləyən radio saxlamaq tövsiyə olunur.
Bildirilib ki, fövqəladə hallar zamanı elektrik enerjisi, su təchizatı, telefon və internet xidmətlərində fasilələr yarana, eləcə də təchizat zəncirində pozuntular baş verə bilər.