İstanbulda Sabiha Gökçen Hava Limanından Şanlıurfaya reys edəcək təyyarədə "canlı bomba" zarafatı edən sərnişinə məhkəmədən həbs cəzası verilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 9 fevral tarixində Sabiha Gökçen-Şanlıurfa reysi üçün təyyarəyə minən iki bacıdan biri, kabin heyətinə bacısını işarə edərək "Bu canlı bomba, bunu təyyarəyə buraxmayın" - deyib.
Bütün sərnişinlər təyyarədən endirilərək təyyarədə 3 saat davam edən araşdırmalarda heç bir mənfi hala rast gəlinməyib və uçuşda 3 saatlıq gecikmə yaşanıb. Şübhəli iki bacı saxlanılaraq polisə aparılıb. İfadələrində "Bombamız yox idi, sadəcə zarafat etdik" - deyən iki sərnişin məhkəmənin nəzarəti altında sərbəst buraxılıb.
İstanbul Anadolu Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində, şübhəlilərdən biri haqqında "nəqliyyat vasitələrinin hərəkətini maneə törətmək, qaçırmaq və ya həbs etmək" ittihamı ilə 5 ildən 10 ilə qədər, "bu vasitəni getdiyi yerdən başqa yerə aparan şəxs" ittihamı ilə isə 7 ildən 12 ilə qədər həbs cəzası tələb edilib.
Məhkəmə ilk məhkəmə iclasında təqsirli şəxsi 4 il 2 ay həbs cəzasına məhkum edib. Bundan əlavə, aviaşirkətin yaşadığı ticarət zərəri və sərnişinlərin zərərləri səbəbindən təqsirli şəxsə qarşı əlavə mülki məhkəmə iddiası qaldırıla biləcəyi vurğulanıb.