logo
logo logo
logo

“Müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi əsas çağırışlardandır” - Vüqar Rəhimzadə

18:22 - 27 Oktyabr 2026

“Müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi əsas çağırışlardandır” - Vüqar Rəhimzadə

Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən beynəlxalq dialoq  platforması kimi dünyanın diqqətində olduğu xüsusi qeyd edilir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyasına, eyni zamanda, onların əhatə etdikləri mövzulara diqqət yetirsək bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu, yerini, söz sahibliyini, malik olduğu imkanların fonunda yüksək səviyyədə təşkilatçılığını aydın görə bilərik. Bugünümüzün reallıqları bu məqamı da təsdiqləyir ki, müasir beynəlxalq münasibətlərdə dövlətin nüfuzu iqtisadi və hərbi potensialı ilə yanaşı, fərqli maraqlara malik tərəfləri dialoq ətrafında birləşdirmək, ortaq gündəliyin formalaşmasına töhfə vermək bacarığı ilə də ölçülür. Azərbaycanın son illərdə ev sahibliyi etdiyi tədbirlərə diqqət yetirdikdə coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən ölkəmizin  Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rola malik olduğu bir daha təsdiqlənir. Prezident İlham Əliyevin çıxışlarında da hər zaman qeyd etdiyi kimi, Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.


Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır, nüfuz qazanır.   Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi  Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları ölkəmizin bu mövqeyini bir daha nümayiş etdirir. Bu tədbir daha geniş mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa bir töhfədir. Oktyabrın 27-də öz işinə başlayan və bu ayın 29-dək davam edəcək “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 100-dən çox ölkədən 500-dən artıq nümayəndəni, dövlət və hökumət rəsmilərini, din xadimlərini, gəncləri, beynəlxalq və QHT təmsilçilərini bir araya gətirir. Bu forum Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” çərçivəsində təşkil olunur. Bu il “Bakı Prosesi”nin 15-ci ildönümü qeyd olunur. Bu proses illər ərzində həm miqyasına, həm də iştirakçı auditoriyasının əhatə dairəsinə görə genişlənib.

Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə  Prezident İlham Əliyev  tərəfindən 2008-ci ildə Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsləri irəli sürülüb.

2009-cu ildə “Bakı - İslam mədəniyyəti paytaxtı” ili çərçivəsində müsəlman və Avropa ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi “Bakı Prosesi”nin inkişaf etdirilməsinə töhfə oldu. 2011-ci ildən etibarən isə Bakı şəhərində hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirilir. Azərbaycanın bu kimi qlobal tədbirlərə ev sahibliyinin əsasında ölkənin coğrafi mövqeyi, tarixən fərqli etnik qrupların və dinlərin dinc yanaşı yaşadığı zəngin multikultural mühit dayanır. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusundan da göründüyü kimi, məqsəd  mədəniyyətlərarası dialoqu təşviq etmək və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirmək, dünyada radikalizm, irqçilik, ksenofobiya və dözümsüzlük kimi mənfi meyillərə qarşı multikultural dəyərləri prioritet etmək, münaqişələrin qarşısının alınmasında və qlobal təhlükəsizliyin təmin edilməsində humanitar sahənin və dialoqun rolunu artırmaqdır. İki il bundan öncə, 2024-cü ilin may ayında keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu isə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” idi. Azərbaycanın təşəbbüsü olan və beynəlxalq səviyyədə tanınan “Bakı Prosesi” çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı və digər qlobal qurumlarla tərəfdaşlıq əlaqələri son iki ildə daha da dərinləşdirilib.

   Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı bir daha  tolerantlığın və multikulturalizmin  Azərbaycanda sadəcə bir şüar və ya hüquqi norma deyil, cəmiyyətin real həyat tərzi,  dövlətin uzunmüddətli strateji kursu olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir və biz bunu yüksək dəyərləndiririk. Dövlət başçısı bu reallığı da xüsusi vurğuladı ki,  uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri  cəmiyyətdə olan ahəngdarlıqdır. Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailədəki kimi yaşayır. “Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları – azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir” söyləyən Prezident İlham Əliyev bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verdiyini vurğuladı və əlavə etdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi birləşdilər. Bu da bizim qələbəmizin rəmzidir.

Milli Məclisin deputatı  dövlət başçısı İlham Əliyevin bu fikirlərinə də diqqəti yönəldib ki, ideoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq. Ölkə Prezidenti çıxışında Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən də geniş bəhs edərək bildirdi ki, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdik. Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik. Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik. Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə diqqəti yönəldən  dövlət başçısı vurğuladı ki, biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik. Bu təcrübəyə nəzər salınmalı, müharibə tərəfləri bunu tədqiq etməlidir.

Vüqar Rəhimzadə bildirib ki, Prezident  İlham Əliyev hər bir çıxışında diqqəti dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə xüsusi diqqət yönəldir. Dövlət başçısının sözügedən çıxışı da bu baxımdan  diqqətdə oldu. Belə ki, “İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır” çağırışını edən Prezident İlham Əliyev cəmiyyətimizin ikili standartları qətiyyətlə rədd etdiyini xatırladaraq bildirdi ki,  ikili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?

Millət vəkili Azərbaycanın 35 illik müstəqillik tarixinin reallıqları fonunda Prezident İlham Əliyevin diqqətə çatdırdığı uğurlarımızdan da bəhs edib. Bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə, roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətinə baxsaq görə bilərik ki, Azərbaycanın rolu çox böyük dərəcədə artıb. Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür. Müstəqil siyasətimiz ölkəmizə çox böyük hörmət qazandırıb. Azərbaycan etibarlı tərəfdaş kimi rolunu günbəgün artırır. Ölkəmiz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınır. Bağlantılara gəldikdə Azərbaycanın tranzit imkanları yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələri, ən əsası coğrafi mövqeyi yeni körpülərin qurulmasını şərtləndirir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər xəritəyə nəzər salsaq, Azərbaycandan yan keçmək çətindir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaradılmasında, dialoq mühitinin möhkəmlənməsində təməl rolunu oynayır. Sabitlik, əməkdaşlıq məkanı kimi diqqətdə olan Azərbaycan atdığı addımları ilə  daim bu mövqeyini möhkəmləndirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az