Çin ABŞ-nin kəşfiyyat məlumatlarını İrana satır 

10:14 - 05 Aprel 2026

Çin ABŞ-nin kəşfiyyat məlumatlarını İrana satır 

Çinlə əlaqəli bəzi şirkətlərin İran müharibəsi fonunda ABŞ hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı kəşfiyyat xarakterli məlumatları toplayaraq kommersiya məqsədilə satışa çıxardığı iddia olunur.


Manset.az-ın məlumatına görə, bu barədə The Washington Post nəşri yazıb.

Qəzet bildirir ki, Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli olduğu deyilən şirkətlər süni intellekt texnologiyalarından istifadə etməklə açıq mənbələrdən əldə olunan məlumatları birləşdirir və bazara təqdim edirlər.

Məlumata əsasən, İranla bağlı münaqişə başladıqdan sonra sosial şəbəkələrdə ABŞ-ın hərbi bazaları, təyyarədaşıyan qrupları və regiondakı hərbi hazırlıqlarla bağlı daha detallı informasiyaların yayıldığı müşahidə edilib. Bu məlumatların bir hissəsinin məhz bu cür texnologiyalar vasitəsilə analiz edilərək paylaşdığı iddia olunur.

Qeyd edilir ki, Çin rəsmi olaraq münaqişədə birbaşa iştirak etmədiyini nümayiş etdirsə də, prosesdən dolayı şəkildə faydalanmağa çalışır.

Bildirilib ki, uçuş izləmə sistemləri, peyk görüntüləri və gəmiçilik məlumatları kimi açıq mənbələr uzun müddətdir istifadə olunsa da, süni intellektin inkişafı bu məlumatların daha sürətli və effektiv emalını mümkün edir. Bu isə ABŞ-ın hərbi fəaliyyətlərini gizli saxlamağı daha da çətinləşdirir.

Bir sıra ABŞ rəsmiləri və kəşfiyyat ekspertləri bu tendensiyanı ciddi təhlükəsizlik riski kimi dəyərləndirərək, özəl sektor vasitəsilə yayılan bu tip məlumatların milli təhlükəsizlik baxımından yeni problemlər yaratdığını vurğulayıblar.

Eyni zamanda, daha əvvəl dərc olunmuş materiallarda Çinin mülki-hərbi inteqrasiya strategiyası çərçivəsində süni intellekt sahəsinə böyük sərmayələr yatırdığı və bu istiqamətdə fəaliyyətini genişləndirdiyi qeyd olunub.

Məlumatlarda həmçinin Rusiyanın da İrana regiondakı ABŞ qüvvələri ilə bağlı müəyyən kəşfiyyat məlumatları ötürdüyü iddia edilir.

ABŞ müdafiə naziri Pete Hegseth isə açıqlamasında bildirib ki, rəqib ölkələrin bəzi hallarda paylaşılmamalı olan kəşfiyyat məlumatlarını ötürdüklərindən xəbərdardırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az