Yaponiya hökuməti ABŞ-nin "The New York Times" qəzetində ölkənin "Rusiyanın casusluq bazasına çevrildiyi" barədə dərc olunan məqalədən sonra xarici kəşfiyyat fəaliyyətinə qarşı daha sərt tədbirlərin görüləcəyini bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Kihara Minoru açıqlamasında bildirib ki, sözügedən məqalədə Rusiyanın Ukraynadakı müharibə ilə bağlı kəşfiyyat məlumatları toplamaq məqsədilə Yaponiyanın casusluqla bağlı zəif qanunvericiliyindən istifadə etdiyi iddia olunur.
Məqalənin məzmununu birbaşa şərh etməkdən yayınan Kihara, "Sözügedən xəbərlərdən məlumatlıyam. Lakin bunlar konkret hallarla bağlı olduğundan məsələni şərh etmək istəmirəm", - deyə bildirib.
O vurğulayıb ki, Tokio hökuməti bu məsələyə daha böyük həssaslıqla yanaşmalıdır.
"Hazırda sürətlə dəyişən təhlükəsizlik şəraitində Yaponiyanın milli təhlükəsizliyini təhdid edən mühüm məlumatların əldə edilməsinə yönəlmiş xarici kəşfiyyat fəaliyyətinə qarşı mübarizə aparmaq zərurəti getdikcə artır", - deyə Kihara qeyd edib.
Nazirlər Kabinetinin baş katibi əlavə edib ki, Yaponiya əks-kəşfiyyat sahəsində fəaliyyətini daha da gücləndirməlidir.