Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik mesajı göndərdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Ukraynanın 24 avqust – Müstəqillik Günü münasibətilə təbriklərini çatdıran dünya liderlərinə minnətdarlığını bildirib. O, Rəcəb Tayyib Ərdoğana ayrıca təşəkkür edərək Türkiyənin Ukraynaya dəstəyini və sülh səylərindəki rolunu vurğulayıb.
Ukrayna Prezidenti Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə münasibətinə diqqət çəkərək iki ölkə arasındakı münasibətlərin möhkəm təmələ söykəndiyini qeyd edib.
“Türkiyənin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə güclü bağlılığı misli görünməmiş dərəcədə möhkəm münasibətlərimizin əsasını təşkil edir”, – deyə Zelenski bildirib.
O, həmçinin Rusiyanın əsirliyində olan ukraynalıların azad edilərək evlərinə qayıtmasına göstərdiyi şəxsi töhfəyə və Türkiyənin sülhün yaxınlaşdırılması istiqamətindəki vasitəçilik səylərinə görə Ərdoğana minnətdarlığını ifadə edib.