İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparan Rusiya Prezidenti Vladimir Putinin Moskvanın regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri dəstəklədiyini və bu prosesdə rol almağa hazır olduğunu bildirdiyi açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Prezidentliyinin yaydığı yazılı açıqlamaya görə, Pezeşkian və Putin arasında telefon danışığı baş tutub.
Pezeşkian söhbət zamanı Putini doğum günü münasibətilə təbrik edib, Rusiya hökumətinə və xalqına firavanlıq və uğurlar arzulayıb.
İran Prezidenti Tehran ilə Moskva arasındakı münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin ümumi maraqlarına xidmət etdiyini qeyd edib.
Açıqlamaya görə, Putin də İranın regiondakı hadisələrə baxmayaraq, Hərtərəfli Strateji Əməkdaşlıq Sazişi çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirdiyini bildirib.
Putin İran xalqının hücumlar qarşısında nümayiş etdirdiyi müqavimətin dünya miqyasında diqqətlə izlənildiyini qeyd edib, İrana sülh, təhlükəsizlik və firavanlıq arzulayıb.
Rusiya Prezidenti, həmçinin bəzi ölkələrin İran və ABŞ arasında vasitəçilik etmək və gərginliyi azaltmaq təşəbbüslərinə toxunub. O, Rusiyanın bu diplomatik səyləri dəstəklədiyini və Moskvanın prosesdə rol almağa hazır olduğunu vurğulayıb.
Putinin Tehran ilə Moskva arasında sıx əlaqələrin və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdiyi, İranın ali rəhbəri Müctəba Xameneiyə salamlarını və xoş arzularını çatdırdığı bildirilib.