logo
logo logo
logo

Göbələk yeməyi sevənlərin DİQQƏTİNƏ - Bunları mütləq bilməlisiniz

17:52 - 22 Noyabr 2026

Göbələk yeməyi sevənlərin DİQQƏTİNƏ - Bunları mütləq bilməlisiniz

Payız mövsümünün gəlişi ilə bazarlarda və yol kənarlarında göbələk satışında canlanma müşahidə olunur. Yağışlı havalardan sonra təbiətdə göbələklərin artması bu məhsula marağı da yüksəldir. Lakin süfrələrə ləzzət qatan göbələklər düzgün seçilmədikdə ciddi sağlamlıq təhlükəsinə çevrilə bilər. Xüsusilə zəhərli növlərin yeməli göbələklərlə qarışdırılması ağır zəhərlənmələrə, qaraciyər və böyrək çatışmazlığına, hətta ölümə səbəb ola bilər. Təhlükənin əsas səbəblərindən biri zəhərli göbələklərin bəzən zahiri görünüşünə görə yeməli növlərdən fərqləndirilməsinin çətin olmasıdır. Üstəlik, göbələyi bişirmək, qaynatmaq və ya qurutmaq onun tərkibindəki bütün zəhərli maddələri zərərsizləşdirmir. Bəs bazardan göbələk alarkən nələrə diqqət etməliyik? Təzə və keyfiyyətli məhsulu xarab olmuş göbələkdən necə fərqləndirmək olar? Zəhərlənmənin ilkin əlamətləri hansılardır və təcili yardım gələnədək zərərçəkənə necə kömək etmək lazımdır?


Manset.az-ın Musavat.com-a istinadən məlumatına görə, qida üzrə ekspert Asim Vəli bildirib ki, zəhərli göbələk qəbulundan sonra zəhərlənmə əlamətləri bir neçə saatdan 1-2 günə qədər müddətdə özünü göstərə bilər.

Onun sözlərinə görə, ən çox rast gəlinən əlamətlər ürəkbulanma, qusma, qarın ağrısı, güclü ishal, halsızlıq və başgicəllənmədir. Ağır hallarda isə qaraciyər və böyrəklərin zədələnməsi nəticəsində sarılıq və sidik ifrazı ilə bağlı problemlər yarana bilər.

“Bəzi hallarda zəhərlənmə çox sürətlə inkişaf edir. Təcili tibbi yardım göstərilməsə, həyat üçün təhlükə yarada bilər. Bu təhlükədən qorunmaq üçün bazardan və etibarlı satış yerlərindən göbələk almalıyıq. Küçə kənarında və təsadüfi satıcılardan göbələk almaq çox təhlükəli ola bilər. Özbaşına meşədən göbələk yığmamaq daha məqsədəuyğundur”, – deyə ekspert bildirib.

Göbələyin təzə olduğunu necə müəyyənləşdirməli?

Göbələk alarkən ilk növbədə onun xarici görünüşünə və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Təzə göbələklər, adətən, bərk, bütöv, səthi quru və formasını qoruyan olur. Həddindən artıq yumşalmış, əzilmiş, üzərində kif, rəngli ləkələr və selikli qat yaranmış məhsullardan uzaq durmaq tövsiyə edilir. Kəskin, qeyri-adi və xoşagəlməz qoxu da məhsulun xarab olmasının əlaməti ola bilər.

Qida təhlükəsizliyi üzrə beynəlxalq tövsiyələrdə də göbələyin soyuducuda saxlanmasına, nəm və havasız qablaşdırmada uzun müddət qalmasına yol verilməməsinə diqqət çəkilir.

Naməlum növlərin qarışdığı məhsulların isə bütövlükdə istehlak edilməməsi tövsiyə olunur.

Ancaq vacib məqam budur ki, göbələyin təzə görünməsi onun zəhərsiz olması demək deyil. Zəhərli növ də zahirən sağlam və keyfiyyətli görünə bilər. Buna görə də yalnız görünüşə əsaslanaraq göbələyin yeməli olub-olmadığına qərar vermək olmaz.

Asim Vəli qeyd edib ki, göbələk seçimi zamanı hətta təcrübəli insanların belə səhvə yol verməsi ağır zəhərlənmə halları ilə nəticələnə bilər:

“Heç bir halda çiy göbələk yeməməliyik. Hətta yeməli göbələklər də çiy halda həzm problemləri yarada bilər. Onları yalnız yaxşı bişirilmiş formada istifadə etməliyik. Göbələklər ağır həzm olunan qidadır. Uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər üçün tövsiyə olunmur.

Bəzən bir yeməli göbələyin yanına qarışan kiçik zəhərli növ bütün yeməyi təhlükəli hala gətirir. Şübhəli vəziyyətlə qarşılaşdıqda dərhal həkimə müraciət etməliyik ki, yarana biləcək sağlamlıq probleminin qarşısını vaxtında ala bilək”, – deyə ekspert vurğulayıb.

Zəhərlənmə zamanı ilk müdaxilə necə olmalıdır?

Göbələk zəhərlənməsində ən təhlükəli məqamlardan biri əlamətlərin gecikmiş şəkildə üzə çıxmasıdır. İnsan göbələk yedikdən sonra özünü bir müddət yaxşı hiss edə bilər. Lakin bu, təhlükənin sovuşduğu anlamına gəlmir. Bəzi zəhərli göbələklərin toksinləri bir neçə saat sonra qaraciyər və böyrəklərə ciddi zərər vura bilər. Mütəxəssislərin tövsiyələrinə əsasən, zəhərli göbələk yeyildiyindən şübhələnildiyi halda simptomların yaranmasını gözləmək olmaz. Dərhal 103 nömrəsi ilə təcili tibbi yardıma müraciət edilməlidir.

Həkim gələnədək aşağıdakı məqamlara diqqət etmək vacibdir: Zərərçəkəni özbaşına qusdurmaq olmaz. Bu, əlavə fəsadlara səbəb ola bilər. Eyni zamanda həkim məsləhəti olmadan süd, spirtli içki, dərman və digər vasitələr vermək olmaz.

Zərərçəkənin vəziyyəti, şüuru və nəfəs alması nəzarətdə saxlanılmalıdır. Xüsusilə huşun itməsi, qıcolma və nəfəsalma çətinliyi yaranarsa, bu, təcili tibbi müdaxilə tələb edən vəziyyətdir.

Ekspert Asim Vəli də göbələk qəbulundan sonra hər hansı narahatlıq yarandıqda vaxt itirmədən həkimə müraciət etməyin vacibliyini vurğulayıb:

“Göbələk yedikdən sonra hər hansı əlamət yaranarsa, vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək lazımdır. Evdə özbaşına müalicə çox təhlükəli haldır”.

Payız mövsümündə göbələk alarkən yalnız onun qiymətinə və görünüşünə deyil, mənşəyinə, satış şəraitinə və saxlanma qaydalarına da diqqət yetirmək vacibdir. Unutmaq olmaz ki, göbələk zəhərlənməsində gecikmiş tibbi müdaxilə ağır nəticələrə yol aça bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az